Arif Hacılı iqtidarı və Qubad İbadoğlunu qınadı, qardaşını isə müdafiə etdi
APA-nın məlumatına görə, A. Hacılı Azərbaycanda keçirilən iqtidar-müxalifət görüşünü müsbət dəyərləndirdiklərini deyib: “Azərbaycan hakimiyyətinin siyasi qüvvələrlə təmas qurmasını və təşəbbüslərini müsbət qiymətləndiririk. Ancaq bu görüşlərin yalnız bir tərəf vasitəsilə təşkil olunması, mövzuların müəyyənləşməsi bu cür görüşlərin səmərəliliyini azaldır. Başqan olaraq, məni sabah keçiriləcək iqtidar-müxalifət görüşünə dəvət ediblər və Avropa Oyunları ilə bağlı müzakirə aparacaqlarını bildiriblər”.
Müsavat başqanı partiya daxilindəki istefalar və baş verən proseslərin mətbuatda şişirdildiyi qənaətindədir: “Müsavat inkişaf edir, strukturları yenilənir və nəsil dəyişməsi prosesi baş verir. Bu günə qədər partiyadan 9 nəfər xaric edilib, istefa verən adamların sayı 100 nəfərdən azdır. İstefa verənlərdən bəziləri əvvəllər də partiyadan çıxmış adamlardır".
A. Hacılı Qubad İbadoğlunun sədri olduğu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının onlara qarşı ittihamlar səsləndirdiyini deyib: "Maraqlısı budur ki, biz hakimiyyətə qarşı hansı ittihamları irəli sürürüksə, ADR üzvləri də bizə qarşı o ittihamlarla çıxış edirlər. Belə olan halda Müsavatın “qardaşlar partiyası” olması iddialarını irəli sürmək yanlışdır. Mənim qardaşım uzun illər partiyada aktiv fəaliyyətlə məşğul olub. Eyni zamanda qeyd etmək istəyirəm ki, partiyanın qərargahı qarşısında keçirilən aksiyanın 3 nəfər təşkilatçısı etiraz piketinə görə yox, partiyanın qərarlarına tabe olmadığına görə Müsavatdan çıxarılıb”.
A. Hacılı Müsavatdan çıxanlara görə təəssüfləndiyini də qeyd edib.
Mənbə:> APA