Dünya azərbaycanlıları İstanbula toplaşdı
Aprelin 18-də İstanbulda Dünya Azərbaycanlıları Konqresinın (DAK) XIII qurultayı işə başlayıb.
Türk dünyasının müxtəlif bölgələrində şəhid olmuş insanların xatirəsinin bir dəqiqəlik sükutla anılması, Azərbaycanın və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayan qurultayda 25 ölkədən, o cümlədən ABŞ, Avstraliya, Almaniya, İsveçrə, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Polşa, Çexiya, İraqdan 152 nümayəndə və qonaq iştirak edir.
Qurultayda Türkiyənin hakim AKP və digər partiyalarının rəsmiləri, Türkiyə Böyük Millət Məclisinin deputatları, QHT rəhbərləri, Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər, ziyalılar iştirak edirlər.
Əvvəlcə DAK-ın həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərviz Nianın hesabat məruzələri dinlənilib.
Təşkilatın fəaliyyəti barədə məlumat verən məruzəçilər Avropa Parlamentinin əsasız “erməni soyqırımı” ilə bağlı qətnaməsini kəskin tənqid ediblər. Diqqətə çatdırılıb ki, XIX əsrin sonlarından başlayaraq terror və silahlı qiyamlarla Osmanlı dövlətində, o cümlədən indiki İran və Azərbaycan Respublikası ərazilərində müsəlman və türk əhaliyə qarşı amansız qırğınlar törədən ermənilər zaman-zaman öz cinayətlərini gizlətmək üçün havadarlarının dəstəyindən istifadə ediblər.
DAK-ın həmsədri Sabir Rüstəmxanlı deyib: “Yüz ildən bəri Qərb ölkələrinin Türkiyəyə təsir mexanizmi kimi istifadə etdikləri “erməni soyqırımı” iddiası bu gün öz pik nöqtəsinə çatıb. Həqiqətdən qorxan, tarixin əsl simasını görmək istəməyənlər Türkiyə ilə təzyiq və ultimatum dili ilə danışırlar. Demokratiyadan dəm vuran ölkələrin çoxunun siması belədir. Qurultay üçün biz İstanbulu ona görə seçdik ki, sözdə “erməni soyqırımı” şousu ərəfəsində Türkiyənin yanında olaq. Zatən, biz hər zaman bərabərik, lakin indi bu birliyə daha çox ehtiyac var. Çünki bir millətik. Eyni taleni yaşayırıq. Çirkab türkə atılırsa, onun bir hissəsi bizə yapışır. Çünki Xocalı soyqırımının səbəbi orada yaşayanların Azərbaycan türkü olması idi. Bu gün dünyanın Ermənistanın işğalçılığına göz yummasının, ona “Azərbaycanı tərk et” deyilməməsinin, münaqişənin guya həlli adı altında 25 ildən bəri dondurulmasının səbəbi də bizim türk olmağımızdır. Bu səbəbdən bizim birlikdən başqa çarəmiz yoxdur”.
Sabir Rüstəmxanlı deyib ki, dünya soyqırımı iddiasının yalan olduğunu bilir, lakin Türkiyənin “gəlin arxivlərimizi açaq, sənədləri araşdıraq” çağırışını eşitməzliyə vurur. Halbuki əsl soyqırımını ermənilər Azərbaycan türklərinə qarşı törədiblər. 1918-ci ildə Bakı, Şamaxı, Quba qırğınları törədildi, on minlərlə insan vəhşicəsinə öldürüldü. Təkcə Xocalı faciəsi erməni vəhşiliyinin sübutu üçün yetərlidir. Dünya Xocalı soyqırımını tanımalıdır və tanıyacaq.
Qurultayda təşkilati məsələlərə baxılacaq və uydurma “erməni soyqırımı” ilə bağlı bəyanat qəbul ediləcək.
Mənbə:> ANSPRESS