Nazir Qarabağda fəaliyyət göstərən italyan şirkətlərindən danışdı
İtaliyanın iqtisadi inkişaf naziri sözügedən şirkətlərə xəbərdarlıq edəcəyinə söz verib.
Bəzi italyan şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərindəki fəaliyyəti, bu ərazilərə səfərlərin təşkili, habelə, İtaliyadakı sərgi və tədbirlərdə qondarma respublikanın iştirakı qəbuledilməzdir.
AzNews.info APA-ya istinadən xəbər verir ki, bunu bu gün keçirilən Azərbaycan-İtaliya işgüzar görüşündə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, İtaliyanın bəzi şirkətləri Qarabağda fəaliyyət göstərir və İtaliya hökuməti tərəfindən belə halların qarşısı alınmalıdır.
İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidi isə məsələ ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı azərbaycanlı həmkarı ilə danışıqlar aparıb.
“Sözügedən şirkətlərə bununla bağlı xəbərdarlıq olunacaq. Ümid edirəm ki, onlar bu fəaliyyətlərini dayandıracaqlar”, - deyə F.Quidi qeyd edib.
Mənbə:> APA