İtaliyanın sabiq baş naziri Azərbaycana gəlir
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil edəcəyi III Qlobal Müştərək Cəmiyyətlər Forumunda İtaliyanın sabiq hökumət rəhbərlərinin iştirakı gözlənilir.
Komitənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Romada səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyilə ölkənin sabiq hökumət başçısı (2013-2014) Enriko Letta ilə görüşüb.
R.Muradov onu III Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etməyə dəvət edib. Enriko Letta dəvəti məmnuniyyətlə qəbul edərək Foruma qatılacağını bildirib.
Görüşdə həmçinin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr, qarşıdakı Foruma hazırlıq məsələləri də müzakirə edilib.
İtaliyanın digər sabiq hökumət rəhbəri (1996-1998, 2006-2008) və Avropa Komissiyasının prezidenti olmuş Romano Prodi də III Qlobal Müştərək Cəmiyyətlər Forumuna dəvət olunub.
Qeyd edək ki, III Qlobal Müştərək Cəmiyyətlər Forumunun 2015-ci ilin aprelində keçirilməsi nəzərdə tutulub.
Forumun işində 40-dan artıq ölkənin sabiq dövlət və hökumət rəhbərinin iştirakı gözlənilir.
Mənbə:> ANSPRESS