Paşinyan ABŞ-dan inciyib
Amerika Birləşmiş Ştatları Ermənistandakı inqilaba, praktik olaraq, reaksiya vermədi.
Virtualaz.org “regnum”a istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan martın 28-də parlamentdə 2018-ci il ərzində hökumət proqramının reallaşdırmasının müzakirəsi zamanı deyib.
Ermənistanın baş naziri yekun nitqində “Lusavor Hayastan” fraksiyasının üzvü Arman Babacanyanın Ermənistanın KTMT-də uğursuzluğu və Ermənistan-Rusiya münasibətlərində etibarın artmaması barədə tənqidi fikirlərinə münasibət bildirib. Müxalifət deputatı, həmçinin Ermənistandan Suriyaya humanitar missiyanın göndərilməsi haqqında qərarı tənqid edib, bildirib ki, inqilabdan sonra hökumət Rusiyayönlü xarici siyasət aparır, amma Ermənistan-Amerika münasibətləri nəinki inkişaf etmir, əksinə, bu əlaqələrin iqtisadi əsaslarını təşkil edən komponentlər təhdid altına düşüb.
N.Paşinyan cavab verib ki, Ermənistan qərarları öz suveren maraqlarına əsaslanaraq qəbul edir, amma Birləşmiş Ştatlar inqilaba, praktik olaraq, reaksiya vermədi.
"Məsələn, mən Amerika nümayəndələrinə dedim: hesab edirəm ki, onlar praktik olaraq sıfır reaksiya verdilər. Niyə? Nə vaxt biz deyiriksə ki, bizim üçün ölkəmizin müstəqilliyi əhəmiyyətlidir, onu nəzərdə tutmuruq ki, A bəndindəki asılılıq B bəndindəki asılılıqla əvəz edilməlidir. Müstəqillik haqqında danışarkən, biz ona çox ciddi yanaşırıq və mən sizi inandırmaq istəyirəm, hərçənd inandırmağa ehtiyac yoxdur, siz özünüz görməlisiniz ki, bizim hökumət ölkəmizin və xalqın müstəqilliyini bütün istiqamətlərdə səylə müdafiə edir", - deyə erməni baş nazir qeyd edib.
Mənbə:> Virtualaz.org