Bakıda mitinq başladı – FOTO
Müxalifət təşkilatları və ictimai fəalların birləşdikləri Milli Şuranın mitinqi başlayıb. ANS PRESS-in məlumatına görə, Bakıda - "Məhsul" stadionunda keçirilən aksiyaya Bakı Şəhər İcra Hakimiyyəti razılıq verib.
Müxalifət fəalları bu aksiya zamanı ölkədə bahalaşmaya etirazlarını bildirirməyə hazırlaşırlar. Mitinqin saat 15:00-da başlaması nəzərdə tutulsa da, meydana toplananların azlığı üzündən gecikib.
Polis mitinqdə iştirak etmək üçün stadiona girənlərə maneçilik törətməsə də, aksiyaya gələnlər meydana xüsusi turniketlərdən keçməli olurlar. Hər cür təxribatın qarşısının alınması məqsədilə aksiyaçıların üzəri metalaxtaran cihazla yoxlanır.
Xatırladaq ki, Milli Şura manatın ucuzlaşmasına etiraz olaraq martın 15-də də Bakıda etiraz aksiyası keçirmişdi. O zaman təşkilatçılar aksiyaya 10 min nəfərin qatıldığını iddia etsələr də müstəqil ekspertlər və BŞBPİ mitinqdə 1000 nəfərin iştirak etdiyini bildirmişdi.
ANS PRESS mitinqdən video və foto görüntüləri Azadlıq Radiosu və virtualorg.az-a istinadən təqdim edir:
Mənbə:> ANSPRESS