"Olum, ya ölüm" savaşı günündən eksklüziv görüntülər – VİDEO
Bu gün Milli Dirçəliş günüdür. 1988-ci ilin bu günündə Azadlıq meydanına toplaşan yüz minlərlə insan rəsmi Moskvanın Azərbaycana qarşı yürütdüyü ikili siyasətinə etiraz edib SSRİ-nin süqutuna da məhz “meydan hərəkatı” təsir edib.
ANS TV-nin məlumatına görə, 1989-ci il noyabrın 19-da Xaçmaz şəhərində rayonun milli-azadlıq hərəkatı fəalları da mitinq keçirmişdi. Mitinq 1988-ci ilin noyabrında Bakıda başlanan azadlıq hərəkatı aksiyalarının – “meydan hərəkatı”nın bir illiyinə həsr olunub.
Bu eksklyuziv kadrları bizə o vaxt Xaçmazda milli-azadlıq hərəkatının lideri olmuş, hazırda “Şimal xəbərləri” qəzetinin baş redaktoru Müqəddəs Mehdiyev təqdim etdi. Həmin vaxtlardan danışan Müqəddəs Mehdiyev tarix boyu azərbaycanlılara qarşı kütləvi qırğınlar təşkil etmiş ermənilərin Topxana meşəsində yaşıl qətliam etməsinə mitinqdə ciddi reaksiya verildiyini xatırlayır.
Xaçmazda Azərbaycanın üçrəngli milli bayrağı da məhz həmin gün ilk dəfə dalğalanıb.
Müqəddəs Mehdiyev hesab edir ki, 25 il əvvəl Xaçmazda keçirilən bu mitinq paytaxtda olduğu kimi, regionlarda da insanların milli oyanışının başlanğıcı günüdür.
"Bu təkcə Milli Dirçəliş günü deyildi, həm də xalqın öz milli mənliyini dərk etmə bir günü idi".
Xaçmazlıların vaxtı ilə Azadlıq meydanı kimi tanıdığı bu ərazidə indi Azərbaycanın görkəmli mədəniyyət və ictimai xadimlərinin abidələri olan şəxsiyyətlər muzeyinin yerləşməsi də məhz tarixi keçmişimizə, Milli Dirçəlişimizə olan hörmət, ehtiram nümunəsidir.
Mənbə:> ANSPRESS