Dövlət Departamenti: "ABŞ Dağlıq Qarabağın müstəqilliyini tanımır"
"ABŞ Dağlıq Qarabağın müstəqilliyini tanımır, və heç vaxt Azərbaycanın bu regionunu başqa adla adlandırmayacaq".
Virtualaz.org bildirir ki, bunu Bakıda mətbuat konfransı zamanı ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent deyib.
O qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyiş əldə olunub və Azərbaycanda hamı münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlıdır: “Ölkəyə səfərim zamanı biz münaqişənin həlli prosesində son zamanlar əldə olunan irəliləyişləri, o cümlədən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda görüşü və Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın Düşənbədəki görüşünü qeyd etmişik”.
C.Kent bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, münaqişənin Madrid prinsipləri əsasında nizamlanması üzrə öhdəliklərinə ciddi yanaşır: “Bu ay, iki həftədən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edəcəklər. Qeyd etmək istərdim ki, qoşunların təmas xəttində gərginliyin səviyyəsi azalıb. Tərəfləri bu ab-havanı qorumağa çağırırıq”.
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi”nin enerji ehtiyat mənbələrinin şaxələndirilməsi yolu ilə enerji təhlükəsizliyini təmin edəcəyini bildirən Corc Kenti deyib ki, bəzi ölkələr enerji amilindən silah kimi istifadə edir: ““Cənub Qaz Dəhlizi” irimiqyaslı layihədir. Bir çox şirkətlər və ölkələr layihənin reallaşması üçün milyardlarla dollar sərf edib. Bu cür layihələr ölkələr arasında əməkdaşlığın parlaq nümunəsidir”.
Mənbə:> Virtualaz.org