Trampın milli təhlükəsizlik müşaviri Bakıya gəlir
ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri, Tramp administrasiyasının sərt və aqressiv xarici siyasət tərəfdarı olan ən yüksək rütbəli məmuru Con Bolton Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiyaya səfər edəcək.
Virtualaz.org xəbər verir ki, bu məlumatı erməni politoloq Suren Sərkisyan özünün Facebook səhifəsində açıqlayıb.
Onun bildirdiyinə görə, səfər Con Boltonun özünün təşəbbüsü ilə baş tutacaq. “Vaşinqtonun ən nüfuzlu adamlarından biri iki həftə sonra (əgər nəsə dəyişməsə) Rusiya, Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək. Ermənistan üçün bu ikitərəfli münasibətlərə dair gündəmi dəyərləndirmək üçün müstəsna imkandır”-Suren Sərkisyan yazıb.
Ekspert əlavə edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan və Gürcüstan Vaşinqtonla daha dərin əməkdaşlıq qurur. Onun fikrincə erməni tərəfi Boltonun köməyi ilə “bir sıra ciddi məsələləri” həll edə bilər. Sərkisyana görə Boltonun səfəri nadir imkandır, hansı ki, “özü öz ayağı ilə Yerevana gəlir”.
“Baş nazirin aparatı və XİN Boltonla çox fəal işləyə bilər”-erməni politoloq yazıb.
Suren Sərkisyan “Sputnik”ə açıqlamasında bu məlumatı şərh edərkən deyib ki, Trampın müşavirinin səfərində əsas müzakirə mövzularından biri İran olacaq. Bolton İrana qarşı barışmaz mövqeyi ilə tanınır.
Mənbə:> Virtualaz.org