SOCAR İzmirdə “Ar-Ge” mərkəzi quracaq
SOCAR Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda “Ar-Ge” (texnologiya araşdırması və inkişafı) mərkəzi quracaq.
AzərTAc xəbər verir ki, bunu “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov deyib.
“Əliağadakı sərmayələrlə yanaşı, bu bölgədə “Ar-Ge” mərkəzi quracağıq. Türkiyədə “Ar-Ge” üçün ayrılan vəsait çox azdır və onun da 90 faizini dövlət təmin edir. Türkiyə kimi ölkədə özəl sektorun “Ar-Ge” xərcləri çox olmalıdır. Bizim “Ar-Ge” mərkəzini gənc mühəndislər, alimlər və hər kəs istifadə edə biləcək. Bu layihənin əsas hissəsi də rəqəmsallaşdırmaya aid olacaq. Ona gərə də, bunun mühüm layihə olduğunu düşünürəm və 2-3 il ərzində “Ar-Ge” mərkəzini açmağı planlaşdırırıq”, - deyə STEAŞ-ın baş direktoru əlavə edib.
Qeyd edək ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ 2023-cü ilədək Türkiyənin ən böyük sənaye şirkəti olmağı hədəfləyir.
Mənbə:> AzərTAc