SOCAR-ın Türkiyədəki törəməsinin mənfəətində rekord artım
Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Petrokimya Holding A.Ş.” bu ilin birinci yarısında illik müqayisədə 62,5% çox - 377 milyon Türkiyə lirəsi (TRY) həcmində mənfəət əldə edib.
Oxu.Az-ın məlumatına görə, Report Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövründə 232 milyon TRY olub.
Holdinqin bu ilin II rübündə mənfəəti 228 milyon TRY olub ki, bu da ötən ilin analoji dövrü (187 milyon TRY) ilə müqayisədə 21,9% çoxdur.
Qeyd edək ki, 2008-ci il mayın 30-da keçirilmiş hərracda “Petkim Holding”in səhmlərinin 51%-i 2,04 milyard dollara “SOCAR&Turcas Enerji A.Ş.” alyansı tərəfindən əldə edilib.
30 mart 2012-ci ildə isə “SOCAR Turkey Enerji A.Ş” və “SOCAR International DMCC OGG” Türkiyənin “Petkim” neft-kimya holdinqinin səhmlərinin daha 10,32%-ni özəlləşdirib. Daha sonra birjadan 5% hissə alınıb.
Əlavə olunmuş səhmlər (15%) bazar konyukturasından asılı olaraq alınıb-satılır. SOCAR rəhbərliyi “Petkim Holding”dəki payın heç vaxt 51%-dən aşağı salınmayacağını bəyan edib.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli