"Ermənistanı hərbi yolla sıxmalıyıq" - Keçmiş MTN polkovniki
Ermənistanın baş naziri Nikol Paşinyan son dönəmlər Azərbaycana qarşı sərt, təxribatçı bəyanatlarla çıxış edir.
Hakimiyyətə gəldiyi ilk vaxtlar loyal bəyanatlar verdiyi üçün hətta bir çoxları Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həll edilməsini gözləyirdi.
Ardından Paşinyanın Qarabağ səfərləri, orada səsləndirdiyi fikirlər yaranan ümidləri məhv etdi. Son dönəmlər isə Paşinyanın bəyanatları nəinki danışıqların bərpa edilməsini şübhə altına alır, hətta müharibənin başlaya biləcəyini göz önünə sərir.
Paşinyanın Azərbaycanla münasibət qurmaq yerinə vəziyyəti daha da gərginləşdirməsi, bunun səbəbləri və Azərbaycanın atmalı olduğu addımlarla bağlı sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Yenicag.az-a danışıb.
İlham İsmayıl bildirib ki, Paşinyan bu bəyanatlarla rəqiblərindən qorunur və kütlə arasında möhkəmlənmək istəyir:
“Paşinyanı ən çox düşmənləri – keçmiş hakimiyyət, Sərkisyanın, Koçaryanın, hətta Levon Ter-Petrosyanın tərəfdarları Qarabağa loyal münasibətdə qınayırlar. Paşinyan da bu məsələdə zəifliyini görür. Çünki əvvəlcə verdiyi bəyanatlarla indiki bəyanatları arasında çox ciddi təzad var. Paşinyan öncədən “Qarabağla bağlı qərarı mən yox, “Artsax” özü verəcək” deyirdi və bununla da məsələni Rusiyanın üzərinə atırdı. Bütün bunlar hamısı onun mövqeyini zəiflədirdi. Paşinyan olacaqları dərk etdikdən sonra, başladı daha kəskin bəyanatlar verməyə. Paşinyan indi də “Qarabağı Ermənistana birləşdirəcəm” “lazım gələndə gözlənilmədən Azərbaycana əks zərbələr vurmalıyıq” kimi fikirlər səsləndirir. Bütün bunlar da vəziyyəti gərginləşdirdi. Paşinyan əvvəl səsləndirdiyi bəyanatlarından aldığı zərəri indi səsləndirdiyi fikirlərlə kompensasiya etmək istəyir. Belə olduqda da Paşinyan həddini aşır.
Dünən jurnalistlər ona sual verdi ki, “siz “Artsax”la bağlı hansı qərar verəcəksiniz?” Paşinyan cavab verdi ki, “biz referendum keçirəcəyik”. Belə mövzu heç vaxt ortaya atılmayıb. Paşinyan bildirir ki, “referendum keçirib, məsələni həll edəcəyik”. Bu cür kəskin bəyanatlar verməklə Paşinyan Azərbaycanla danışıqlardan özünü yayındırır. Paşinyan həm də, bu cür sərt bəyanatlarla Ermənistanda möhkəmlənmək istəyir. Bu, sırf təbliğat xarakterlidir və reallıqdan da uzaqdır. O bu cür bəyanatlarla Ermənistanda möhkəmlənib, seçkilərə möhkəmlənmiş vəziyyətdə getmək istəyir. Kütlə də onun arxasındadır. Dərin düşünən siyasətçilər isə olanları görürlər və onun əleyhinə çıxırlar. Ancaq bu qüvvələrdən üstün kütlədir, xalqdır. Kütlə isə onun arxasındadır. Paşinyan dünən bildirdi ki, “məni öldürə bilərsiniz, ancaq sonra xalqa cavab verəcəksiniz, o xalq sizin hamınızı öldürər”. Paşinyan kütlə ilə rəqiblərini hədələyir. Hər halda bu addımlar, bəyanatlar ona əsaslı, fundamental yox, müvəqqəti xeyir gətirəcəkdir. Paşinyan yenidən baş nazir seçilə bilər, ancaq onun prespektivi çox da güclü deyil. Paşinyanın siyasi yetkinliyə çatması vaxt alacaq. Hərçənd ki, çox hiyləgərdi və bu hiyləgərliyində ən çox Qərbdən ilham alır. Paşinyanın hakimiyyətdə olduğu qısa müddət ərzində erməni diasporası ona 1 milyard dollara yaxın pul yığıb göndərib. Paşinyan hələ ki kütlə və Qərbə arxayındır.
Paşinyan Rusiyaya bildirir ki, ordunuzla Ermənistanda qalın, bizim təhlükəsizliyimizi təmin edin, sizə qarşı çıxmayacağıq, ancaq içəridə korrupsiyaya qarşı mübarizə aparacam, üzümü Qərbə yox, qərb dəyərlərinə tutmuşam. Bu da Rusiyada birmənalı qarşılanmır. Çünki bu həm də Rusiyaya səni qəbul edirəm, ancaq dəyərlərini qəbul etmirəm deməkdir”.
Yaranmış vəziyyətdə Azərbaycanın atacağı və ata biləcəyi addımlara gəldikdə isə İlham İsmayıl bunları deyib:
“Azərbaycan nədənsə bu məsələdə tam seyirci mövqeyində durur. Hətta bildirilir ki, biz Paşinyana vaxt vermişik ki, o, müəyyən zaman çərçivəsində möhkəmlənsin. Bəlkə də son 25 ildə Azərbaycan üçün bu cür tarixi şərait yetişməmişdi. Bundan istifadə etmirlər. Azərbaycan həm diplomatik, həm də hərbi yolla Ermənistanda daha böyük gərginlik yarada bilər. Ermənistanda qarşıdurma yaratmaq üçün biz onları sıxmalıyıq. Ən çox da hərbi yolla”.
Qeyd edək ki, sentyabrın 11-də başlayan “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamenti özünün fövqəladə yığıncağında Azərbaycana şərti olaraq müharibə elan edilməsi barədə qərar verib.
Mənbə:> Yeniçağ.az