“Paşinyanın Rusiya əleyhinə siyasəti üzə çıxdı…”
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. O bildirib ki, Ermənistanda son baş verən proseslər diqqət cəlb edir:
“Məlum məsələdir ki, Rusiya bu vaxta qədər Paşinyana qarşı dözüm göstərirdi. Ancaq Paşinyan Rusiyada Qərbin təşkil etdiyi bir variant kimi qəbul olunurdu. Rusiya indiyə qədər kənardan proseslərin nə ilə nəticələnəcəyini izləyirdi. Paşinyanın kadr islahatlarına başlamasından sonra isə Ermənistanda yenidən qarışıqlıq artdı. Çünki Paşinyanın kadr islahatları Rusiyanın maraqlarına ziddir. Hazırda Ermənistan iqtisadiyyatının çox hissəsi Rusiyanın əlindədir. Apardığı kadr islahatları ilə artıq Paşinyan antirus siyasətini həyata keçirməyə başlayıb. Bu da təbii ki, Rusiyanın inhisarında olan bir sıra oliqarxların – Karen Karapetyanı, Çarukyanı və Rusiya ilə birbaşa əlaqələri olan digər şəxsləri razı sala bilməz”.
Politoloq vurğulayıb ki, Paşinyan artıq Rusiyanın maraqlarına toxunmağa başlayıb:
“Bu da Paşinyan üçün heç də müsbət hal ola bilməz. Doğrudur, o, hazırda Qarabağ kartından istifadə edir. Oğlunu Qarabağa göndərəcəyini deməklə divident qazanmağa çalışır. Paşinyanın, ümumiyyətlə, istər Dağlıq Qarabağ münaqişəsinin həlli, istərsə də iqtisadi və ya siyasi reformalarla bağlı konkret bir proqramı yox idi və hazırda da yoxdur. Hələ ki, kadr dəyişiklikləri və digər korrupsiyaya uğramış məmurların ifşası və həbsi ilə məşğul olur. Bu da təbii ki, küçələrdə kütləyə verdiyi sözləri yerinə yetirməyə kifayət etmir. Əksinə, Rusiyanın inhisarında olan oliqarxların maraqlarına toxunur. Ona görə də ola bilsin ki, Ermənistanda hazırda oliqarxların Paşinyana qarşı aktiv mübarizəyə başlaması Rusiyanın diqtəsi ilə həyata keçirilir. Yəni Qərbdən artıq müəyyən dotasiyaların, maliyyə dəstəyinin alınması Rusiya və Rusiyanın tərəfdarları üçün xoş olmayan addımdır”.
Qeyd edək ki, Ermənistanda hakimiyyət uğrunda oliqarxlar arasında mübarizə güclənir.
Mənbə:> Axar.az