Paşinyan niyə tez-tez Qarabağa gedir? – RƏY
Nikol Paşinyandan fərqli olaraq, Ermənistanın eks-prezidentləri olan Serj Sarqsyan və Robert Koçaryan Qarabağ ermənisidir.
Bunu Paşinyanın Qarabağa növbəti səfərini Oxu.Az-a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
O deyib ki, Paşinyan Ermənistan ərazisində hər ikisi ilə mübarizə apara bilir, ancaq işğal altındakı torpaqlar Paşinyan üçün də qara zonadır. Bu qara zonanın özünü necə aparacağı Paşinyana bəlli deyil:
“Ona görə Paşinyan tez-tez Qarabağa gəlir, nəbz yoxlaması həyata keçirir və geri dönür... Və yenə qayıdır. Çünki Paşinyanda Qarabağ separatçılarının kimə tabe olacağı ilə bağlı qəti əminlik yoxdur”.
Ekspertin fikrincə, Serj Sarqsyan və Robert Koçaryan Ermənistanda sevilməsələr də, Qarabağda dayaqları güclüdür və Paşinyana qarşı bu faktordan istifadə edə bilərlər.
“Separatçıların lideri Bako Saakyan Koçaryan qədər güclü fiqur deyil. Yəni Koçaryan istəsə onu asanlıqla devirib yerinə keçə bilər. Bundan sonra isə Paşinyan Koçaryanla hesablaşmaq məcburiyyətində qalacaq. Koçaryanı Ermənistanda hər an həbs təhlükəsi gözləyir, işğal altındakı torpaqlarda isə o sərbəst hərəkət edə bilər”, - politoloq fikirlərini yekunlaşdırıb.
Mənbə:> Oxu.Az