Əflatun Amaşov: “Mənə elə gəlir ki, Zaxarova özü ayrıca anti-Azərbaycan adasıdır”
Rusiyanın Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin rəhbəri Mariya Zaxarovanı anlamaq olduqca çətindir. Bəzən elə təəssürat yaranır ki, ölkənin Xarici İşlər Nazirliyinin ümumiyyətlə Rusiyaya aidiyyatı yoxdur. Əlbəttə, belə vəziyyətin yaranmasında nazir Sergey Lavrovun da ermənipərəst mövqeyinin böyük təsiri var. Ancaq mənə elə gəlir ki, Zaxarova özü ayrıca anti-Azərbaycan adasıdır. Bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.
Ə.Amaşov qeyd vurğulayıb ki, bilmirəm, bəlkə nə vaxtsa Azərbaycanla, yaxud azərbaycanlılarla bağlı şəxsi müstəvidə xoşagəlməz yaşantısı olub, ya nədir, konkret söz demək çox çətindir. Ancaq departament direktorunun sivil normaları aşdığı göz önündədir:
“Məlumdur ki, bu il iyunun 1-də Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini Artyom Kojinin keçirdiyi mətbuat konfransında “Trend” İnformasiya agentliyinin xüsusi müxbiri Artyom Sokolov Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda separatçı rejimin nümayəndələrinin də iştirakının vacibliyinə dair fikrini diqqətə çatdırmış və direktor müavindən məsələyə münasibət bildirməyi xahiş etmişdi. A.Kojin isə suala cavabında bildirmişdi ki, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT tərəfindən əsası qoyulan müvafiq relslərə uyğun gəlməyən səs-küylü bəyanatlar konstruktiv deyil. Bununla bağlı konkret video-görüntü var və buna rəğmən sözügedən brifinqin Rusiyanın Xarici İşlər Nazirliyinin saytında yerləşdirilmiş mətnində Ermənistanın baş nazirinin mövqeyinin deyil, «Trend»in müxbirinin qeyri-konstruktiv olduğu önə çəkilib.
O da məlumdur ki, Azərbaycanın media ictimaiyyəti iyunun 5-də məsələ ilə əlaqədar Mariya Zaxarovaya müraciət etmişdi. Görünür, üzərindən on gün keçəndən sonra M.Zaxarova öz müavini Kojinin əlinə-ayağına bulaşdırdığı mövzuya yeni rənglər qatmaq qərarına gəlib. Onun sözlərindən belə qənaətə gəlmək olar ki, «Trend» İA-nın müxbiri mətbuat konfransında ümumiyyətlə ağzına su alıb oturmalıymış. Zaxarova XİN-in saytındakı açıq təhrifə görə üzrxahlıq etmək əvəzinə həmin təhrifə bir növ, haqq qazandırır.
Hesab edirəm ki, M.Zaxarova bu açıqlaması ilə nəinki diplomatik prinsiplərə, bütövlükdə etik davranış qaydalarına həqarətlə yanaşır. Onun kor inada hesablandığı aşkar görünən mövqeyini anlamaq həqiqətən çox çətindir. Ortada fakt var. Faktın Rusiyanın Xarici İşlər Nazirliyinin saytında təhrif olunmuş formada təqdimatı var. Görünür, Ermənistan kimi forpost daxilində Kojinin məlum cavabına görə qalxan hay-küy Rusiya kimi böyük ölkənin xarici siyasət idarəsinin nüfuzundan daha vacib və üstündür. Zaxarovanın şəxsində Rusiya XİN-in bu duruma düşməsindən bir daha təəssüflənirik.
Görünür, Rusiya XİN-də mövcud olan məsuliyyətsizlik mühitinə ölkənin geniş ictimaiyyətinin diqqətini çəkmək lazımdır. Buna görə biz Azərbaycanın media ictimaiyyəti olaraq məsələ ilə bağlı Rusiyanın müvafiq qurumlarına yeni müraciətlər ünvanlamağı düşünürük. Çalışmalıyıq ki, Azərbaycanlı jurnalistə münasibətdə həyata keçirilən bu biabırçı yanaşma eyni zamanda Rusiya cəmiyyətində geniş müzakirə olunsun”.
Mənbə:> Virtualaz.org