Zaxarova azərbaycanlı və erməni jurnalistlərdən şikayət etdi
“Mən Ermənistan və Azərbaycandan olan bir sıra jurnalistlərin mövqeyini anlaya bilmirəm. Siz öz zövqünüzə uyğun xəbərlər düşünərək münaqişəni həll etmək və ya onu dərinləşdirmək istəyirsiniz? Təhlükəli məşğuliyyətdir”.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova “Facebook” səhifəsində bildirib.
“Əvvəlcə jurnalistlər brifinqdə Azərbaycan, Ermənistan və Türkiyədəki vəziyyət barədə sualı elə verdilər ki, bu sualdan çox siyasi manifestə oxşadı. Bu monoloqu yarımçıq kəsmək lazım gəldi. Daha sonra digər jurnalistlər cavabdan sensasiya düzəltməyə çalışdılar, sanki Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına Ankaranı da qoşmaq istəyir”, - Zaxarova deyib.
“Ayıb deyil? İrəliləyişə şans olduğu bir vaxtda. Siz niyə bunu edirsiniz? Yəni, doğurdan da, bu illər və bu qurbanlar məsuliyyətli yanaşma üçün arqument deyil? Axı “lazımi sözlərdən öz xeyrinizə” pazlın yığılması üzrə informasiya mübarizəsi nə vaxta qədər davam edəcək?
Sabitliyi pozmağa və yalan informasiya yaymağa çalışanlar üçün bir daha təkrar edirəm. Fəaliyyət göstərən beynəlxalq mexanizmlər var, əsasən də ATƏT-in Minsk qrupu. Bununla yanaşı, heç kim istənilən ölkənin daxili və ya xarici siyasətinin aspektlərini müzakirə edə biləcək ikitərəfli əlaqələri ləğv etməyib.
Məsələ nizamlanma porsesinin bir hissəsi olmayan ölkələrin nizamlanmaya vasitəçilik etməyə çalışarkən nə dərəcədə konstruktiv rol oynamasındadır”, - o deyib.
Mariya Zaxarova insanları təxribatlara, o cümlədən informasiya təxribatlarına uymamağa çağırıb.
Qeyd edək ki, daha öncə jurnalistlərin suallarına cavab verərkən Mariya Zaxarova Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına konstruktiv vasitəçilik edə biləcəyini demişdi.
Mənbə:> Oxu.az