Ağ Ev: “Suriyadakı Rusiya hərbi qüvvələrinə zərbə endirə bilərik” – YENİLƏNİB
Ağ ev Bəşər Əsəd rejiminin Dəməşq ətrafındakı şərqi Qutaya kimyəvi silah zərbəsinə cavab olaraq Suriyada Rusiya hərbi qüvvələrinə zərbəni istisna etməyib.
Virtualaz.org xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Suriyadakı Rusiya hədəflərinə zərbələrin endirilməsi imkanları istisna edilmir.
Suriyada fəaliyyət göstərən Rusiya hərbçilərinə mümkün hücum barədə suala cavab verən Sanders deyib: “Biz bütün variantları nəzərdən keçiririk. Vaşinqton Suriyadakı kimyəvi silah hücumuna görə Rusiyanı Dəməşqlə eyni dərəcədə günahkar hesab edir”.
Sanders əlavə edib ki, Rusiya son zamanlar özünü “mənfi personaj” kimi təsdiq edib. Bununla belə Ağ ev rəsmisi Rusiyanın ABŞ-ın düşməni olub-olmadığı barədə suala birbaşa cavab verməyib: “Rusiya bizə bu məsələni ayrıd etməkdə kömək etməlidir. Həmin suala dəqiq cavabı Moskvanın gələcək hərəkətləri verəcək”-o deyib.
* * *11:14
Böyük Britaniya aviasiyası və donanması Suriyaya zərbə endirmək üçün döyüş hazırlığı əmri alıb. Virtualaz.org xəbər verir ki, bu barədə “The Times” qəzeti hökumətdəki mənbələrə istinadən yazır.
Məlumata görə Kiprdəki hərbi bazada dislokasiya olunmuş Britaniya təyyarələri bir nömrəli döyüş hazırlığı vəziyyətindədir. Təyyarələr tam döyüş təchizatı ilə Kiprin cənubundakı Akrotiri hərbi bazasının uçuş-enmə zolağında gözləyir və havaya qalxmaq üçün siqnal gözləyir.
Hazırda həmin aviabazada Böyük Britaniya Hərbi Hava Qüvvələrinin səkkiz “Panavia Tornado” qırıcı-bombardmançıları dislokasiya olunub. Onların qanadlı raketlərlə təchiz olunduğu bildirilir. Daha 6 “Typhoon” qırıcısı zərurət yaranarsa qırıcı-bombardmançıları qoruyacaq.
Bundan əvvəl xəbər verilmidi ki, baş nazir Tereza Mey Britaniya donanmasına döyüş hazırlığı əmri verib və gəmilərin Suriyaya raket zərbələri endirməyə imkan verən məsafədə mövqe tutmasını hərbçilərə tapşırıb. Hazırda Britaniya donanmasının gəmiləri Suriya sahillərinə doğru hərəkət edir. Onların arasında hava hücumundan müdafiə sistemi ilə təchiz edilmiş HMS Duncan esminetsi var. Gəmi RGM-84 Harpoon gəmilər əleyhinə qanadlı raketləri və Sea Viper zenit-raket kompleksi daşıyır.
“The Telegraph” qəzetinin mənbələri bildirir ki, baş nazir Suriyaya parlamentin icazəsi olmadan zərbə endirmək əmri verməyə hazırdır. Bu gün aprelin 12-də baş nazir hökumətin təhlükəsizlik komandasının iclasını keçirib Suriya ətrafındakı vəziyyəti müzakirə edəcək.
Xatırladaq ki, ABŞ hərbi gəmiləri də Suriya sahillərində mövqe tutub. Prezident Donald Trampın Suriaya zərbə endirmək əmrini 48 saat ərzində verəcəyi elan edilmişdi, lakin bu baş verməyib. ABŞ administrasiyası bildirir ki, Suriya rejiminə qarşı hərbi variantlar da daxil olmaqla müxtəlif cavab variantları nəzərdən keçirilir.
Bu gün ABŞ Konqresində dövlət katibi postuna namizəd Maykl Pompeo çıxış edəcək. Pompeonun Senatın xarici işlər komitəsi qarşısında edəcəyi çıxışın mətni mətbuata sızıb və məlum olur ki, yeni dövlət katibi Rusiyaya qarşı daha sərt xətt yürüdüləcəyini elan edəcək. Pompeonun nitqinə görə Rusiyaya münasibətdə uzun illərdir yürüdülən yumşaq siyasət artıq başa çatıb. “Rusiya ABŞ-ın illərdir davam edən yumşaq siyasətinin sayəsində aqressiv hərəkət etməkdədir. Lakin bu artıq başa çatır”-Pompeo bildirir.
Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi direktoru senatorlara elan edəcək ki, ABŞ öz hərbi potensialını gücləndirəcək və nüvə vasitələrini modernləşdirəcək. “Biz sərt sanksiyalar tətbiq etmişik və soyuq müharibə dövründən bu yana ən çox sayda rusiyalı diplomatı, kəşfiyyat əməkdaşlarını ölkədən qovmuşuq. Vaşinqton Ukrayna və Gürcüstanda Rusiyanın ekspansiyasına qarşı müqavimət göstərən cəsur kişi və qadınları silahlandırır”-Pompeo bildirir.
Mənbə:> Virtualaz.org