Bəşər Əsədin bu gecə vurulan bazasından ilk görüntülər
Suriya hökumət qüvvələrinin bu gecə raket zərbələri endirilən aviabazasından ilk görüntülər yayılıb. Virtualaz.org xəbər verir ki, Rusiyanın Federal Xəbərlər Agentliyinin (FAN) Homsdakı müxbiri T-4 aviabazasında olub və raket zərbələrindən sonra bazanın görüntülərini çəkib.
Agentlik bildirir ki, raket zərbələrinin hədəfinin İran qüvvələri olduğu təxmin edilir. Çünki raketlər bazanın qərb qanadını hədəf alıb, orada isə İran İnqilab Qvardiyasının zabitləri yerləşirdi.
Rusiya agentliyi raket zərbələrinin bazaya “minimal zərər vurduğunu, Suriya Hərbi Hava Qüvvələrinin aviaparkının, uçuş-enmə zolağının zərər çəkmədiyini” bildirir. Məlumata görə yüksək döyüş hazırlığı vəziyyəti elan edilsə də baza ştat rejimdə işləyir.
Suriya hərbi əməliyyatlar teatrında mötəbər qaynaqları olan “Warjournal” bloqu isə bildirir ki, T-4 aviabazasına endirilmiş raket zərbələri nəticəsində ölənlərin çoxu Suriya ordusunun hərbçiləridir.
Rusiya bu hadisəyə aqressiv reaksiya verib. Dövlət Dumasının müdafiə komitəsinin rəhbəri Andrey Krasov Suriyaya raket zərbələrini “hərbi cinayət” adlandırıb. “Bu, sadəcə olaraq düşmənçilikdir, suveren dövlətə müdaxilədir. İsrailin sanksiyalaşdırılmamış bu raket zərbələrini hərbi cinayət adlandırmaq olar”-deputat bildirib.
Bu arada Dəməşq yaxınlığındakı şərqi Quta qəsəbəsinə kimyəvi silah hücumuna cavab olaraq ABŞ-ın Suriyaya raket zərbələri endirməyə hazırlaşdığı haqda xəbərlər də var. Bildirilir ki, bu gün prezident Donald Trampa Suriyada vurulacaq hədəflərin siyahısı təqdim ediləcək.
Senator Con Makkeyn bəyan edib ki, ötən ilin aprelində Suriya rejiminin kimyəvi silah işlətməsinə cavab olaraq prezident Tramp cəsarətli addım atıb və rejimin bazasına raket zərbələri əmri verib. Makkeyn bildirir ki, Tramp bu dəfə də analoji addım atmalıdır.
Mənbə:> Virtualaz.org