Əli Kərimli İlham Əliyevə necə kömək etdi
Müəllif: Eynulla Fətullayev
Azərbaycan müxalifətinin – milli demokratların (Azərbaycanda başqa rəsmiləşdirilmiş siyasi qüvvə heç olmayıb da) tarixi yalnız boykotlardan ibarətdir. Bax beləcə Qandisayağı dinc etiraz forması. Heydər Əliyev təxminən 10 il hakimiyyətə olub. Lakin Əliyev kursunun ənənəvi əleyhdarları 1993 və 1998-ci illərdə prezident seçkilərində iştirakdan imtina etdilər. Təbii ki, şərəfsiz birillik hakimiyyətdən sonra Elçibəy düşərgəsinin təmsilçilərində 1993-cü ilin payızında uğur qazanmaq üçün heç bir şans yox idi. Axı Heydər Əliyevi hakimiyyətə Elçibəy özü və onun ətrafı çağırmışdı.
Elçibəy Heydər Əliyevi səbirsizliklə gözləyirdi
1998-ci ildə isə müxalifətin hakimiyyətə layiqli rəqabət təşkil etmək üçün bütün şansları var idi. Sonra isə az qala yaddan çıxmış Etibar Məmmədov seçkilərdə gözlənilmədən və hər hansı qanunauyğunluqdan kənar başgicəlləndirici uğur qazandı və hətta milli demokratların liderlərini belə mat qoydu. Boykot taktikası iflasa uğradı – etirazçı elektorat seçki prosesinə cəlb olunmaq iradəsini nümayiş etdirdi.
Nəyə görə milli demokratlar və Rəsul Quliyevin timsalında onlara qoşulmuş azmış oliqarxlar, həmçinin yenicə peyda olmuş liberallar boykotda israrlı idilər? Müxalifət sadəlövhcəsinə güman edirdi ki, seçkilərdə iştirakdan imtinası ilə beynəlxalq səviyyədə diqqət mərkəzinə düşəcək, hakimiyyət seçki qanunvericiliyinə dəyişikliklər edəcək, seçkilərin və yeni seçilmiş prezidentin legitimliyi şübhə altında qalacaq. Dünya başqa dünya idi, az qala birqütblü idi. Qərbin Azərbaycandakı mütləq siyasi təsiri boykota hakimiyyətin legitimsizliyi üçün təsirli alət kimi sadəlövh illüziyalar və əsassız ümidlər bağlayırdı.
Lakin hətta o zaman – Qərbin mütləq dominant olduğu və Əliyev hakimiyyətinin dünya siyasətinin konyunkturasını müəyyənləşdirən Qərb institutlarının qəymətləndirməsindən təbii asılılığı dövründə belə seçkilərin boykotu taktikası işləmədi və nəticəsiz qaldı. Əlaqəsiz və o qədər də məntiqli görünməyən hərəkətləri ilə müxalifətin gücsüzlüyü təəssüratı yaranırdı.
Əgər boykot siyasi intifadaya hesablanmışdısa, 1998-ci ilin payızında, seçkilərə ikicə ay qalmış milli demokratlar vəziyyətin maksimal şəkildə radikallaşmasına və geniş etirazçı elektoratın səfərbərliyinə nail ola bilmişdilər. Lakin qəfildən Elçibəy və Qəmbər separatçı danışıqlara gedirlər və burada mübarizənin bitməsi barədə çətin izah oluna bilən qərar qəbul edirlər. Tərəfdarlar küçələrdən yığışdırılır, intifada yarımçıq qalır və hakimiyyətin layihəsinin uğurla başa çatması üçün bütün zəruri şərait yaradılır. Bütün bu patoloji siyasi rol oyunları isə bir çox müxalifət liderlərinin hakimiyyətlə separatçı əməkdaşlığı barədə dolaşan söz-söhbətlərin populyarlaşmasına zəmin yaradırdı. Sanki bir oyun, hadisələrin qarşılıqlı əlaqəsi təəssüratı formalaşırdı ki, bu da “qəsd nəzəriyyəsi”ni yalnız gücləndirirdi: ələbaxımlı müxalifət liderləri hakimiyyətə kömək edir və bilərəkdən küçə etirazlarını səngidirlər.
2003-cü ilin seçkiləri bu qəribə mübarizənin zirvə nöqtəsi oldu. Paytaxtın mərkəzində yerləşən Qələbə meydanında yüz minlərlə etirazçının əhval-ruhiyyəsini sirli şəkildə idarə edən prezidentliyə namizəd İsa Qəmbər birdən-birə hakimiyyətlə baş-başa gəlməkdən imtina edir, öz düşərgəsini buraxır və ritual siyasi tamaşa təşkil edir – bir ovuc tərəfdarla taleyi əvvəldən məlum olan qanlı teatr tamaşası qarşı tərəfin yeni qələbələri üçün yol açır.
Elçibəy və Qəmbər intifadanı dayandırdılar
2003-cü ildən başlayaraq, Elçibəy-Qəmbər duetinin əvəzinə səhnəyə daha az cəlbedici, daha münaqişəli, sui-qəsdçi və opportunis kimi nüfuzu ləkəli lider – Əli Kərimli çıxır. Elçibəy və Qəmbər cütlüyünün hakimiyyətlə əməkdaşlığı barədə yalnız ehtimallar irəli sürmək mümkün idisə, - onlar səhnədəki rollarını məharətlə ifa edirdilər, – Kərimli hakim elitadakı müxtəlif mərkəzlərlə əməkdaşlığını gizlətmirdi də.
Ə.Kərimli nə edir? O, döyüşkən boykot siyasəti oyununa, xeyli kiçik miqyaslarda olsa da, davam edir. Milli demokratar 2008-ci ilin seçkilərini boykot edirlər, 2013-cü ildə isə birinci rola tez-tələsik düşünülmüş daha bir yalquzaq – “milli Havel” Rüstəm İbrahimbəyov çıxır. Ə.Kərimlinin ən qatı tərəfdarları belə anlayırdılar ki, bu lider ənənəvi müxalifətin sosial bazasını bir yerə toplamağa və etirazçı elektoratı səfərbər etməyə qadir deyil. Kütlə bölücü və davamlı siyasətdən məhrum siyasətçinin ardınca getməyəcək. Bir dəfə satmış!.. Lakin nəticədə, İbrahimbəyov özü də sınaqdan keçmiş boykot nəzəriyyəsinə qayıdır və müxalifət prezidentliyə tamamilə yersiz fiquru namizəd kimi irəli sürür – yeni tarix üzrə darıxdırıcı əyalət professoru, bir vaxtlar öz partiyasını və müxalifəti bircə deputat mandatına görə satmış şəxs. Döyüşə təkbaşına Cəmil Həsənli gedir. Və təbii ki, 2013-cü ilin seçkilərində də müxalifət biabırçı məğlubiyyətlə üzləşir. Yersiz keçmiş deputat-tarixçiyə olan ümidlər son illərin ən acı, biabırcasına dəhşətli komediyasıdır. Diqqət yetirin: müxalifətin əsas siması - Əli Kərimli yenidən mübarizədən və hakimiyyətlə birbaşa toqquşmadan çəkilir, faktiki olaraq seçkiləri boykot edir və yalançı namizədi ön cəbhəyə atır.
Əli Kərimliyə kim inanır? Əli Kərimliyə kim inanar?
Nəhayət, 2018-ci ilin seçkiləri. Prezident seçkilərin keçirilməsi barədə dekreti imzalamağa macal tapmamış Ə.Kərimli və tərəfdarları yenidən boykot elan etdilər. Müxalifət bir daha hakimiyyətə kömək etdi. Xüsusi bir siyasi proqnozlaşdırma və analiz istedadı olmadan belə, yaranmış vəziyyəti hesablayaraq anlamaq olardı ki, indiki daxili siyasi durumda, məhdud ehtiyatlarla, ümumi apatiya, sosial bazanın məhdudluğu və etirazçı elektoratın üzvi dağılması şəraitində müqavimətin təşkilinə ümid bağlamaq nəinki ağılsız iş və avantüra, hətta xalis düşüncəsizlik olardı!
Bunu artıq ötən ilin payızında – müxalifətin sınaq aksiyalarında dərk etmək mümkün idi – aksiyalara ən yaxşı halda 3-5 min etirazçı toplaşırdı. Tüğyan edən maliyyə və iqtisadi böhranın zirvə nöqtəsinə çatdığı bir dövrdə Konstitusiyaya düzəlişlər üzrə referendum elan edildikdən sonra müxalifət vəziyyəti nəinki yerindən tərpədə və “artan qar topası” ideyasını gerçəkləşdirə bildi, hətta bayraqlarının altına böhranın nəticələrindən narazı kiçicik etirazçı kütləni də toplaya bilmədi.
Sual olunur – yarım ilə nə dəyişə bilərdi? Hakimiyyətdən fərqli olaraq, müxalifət, həmişə olduğu kimi, “bəlkə”yə ümid edir. Kərimli qaragüruhunun “ilahə”si Gültəkin Hacıbəylinin o səs-küylü açıqlamasında dediyi kimi: “Bu gün 30 min adam çıxsaydı, ölkədə vəziyyəti dəyişərdik”. Çıxsaydı, olsaydı, bəlkə... Müxalifətçilər hələ də real gerçəkliklərdən uzaq, yaratdıqları sehrli, illüzor patetik məhdud dünyalarında qalmaqda davam edirlər. Onlara elə gəlir ki, inqilaba hamilə ölkədə yaşayırlar. Yaşadıqları ölkənin “qızlıq təbiəti”ni anlamadan və hiss etmədən! Şəxsi səhvlərini analiz etmirlər, alternativ müxalifəti qəbul etmək istəmirlər, gerçəyi rədd edərək, arzu olunana inanmağı üstün tuturlar və ölkədəki real vəziyyəti danırlar. Xalq onların ardınca getməyəcək. Bəlkə də başqa qüvvənin arxasınca gedəcək, amma onların deyil, Əli Kərimlinin deyil. Çünki xalqın ümidlərini çox qırıblar, xalqın qəlbində yaranan etirazı çox məhv ediblər. Əlbəttə, Azərbaycanda, dünyanın istənilən ölkəsində olduğu kimi, əhalinin narazı hissəsi mövcuddur. Lakin məhz bu hissə müxalifətə inanmır.
Pat vəziyyətidir? Ola bilsin ki, pat vəziyyətidir, lakin proqnozlaşdırılması asandır. Xalq özü-özünü siyasi mübarizədən təcrid edib. Bu mübarizə və bu oyun onun üçün yaddır, özününkü deyil, həqiqətlərdən çox uzaqdır.
bir ovuc adam, dənizdə bir damla, barmaqla sayıla biləcək tək-tük adam
Və Əli Kərimli bu gün öz boykotu ilə hakimiyyətə kömək etdi. Siz ölkədəki narazılardan danışırsınız? Onlar vur-tut 1500 nəfərdir. Bir ovuc adam, dənizdə bir damla, barmaqla sayıla biləcək tək-tük adam. Təqvimdə daha bir səhifəni çevirmək vaxtıdır. Növbəti boykota qədər!
Mənbə:> Virtualaz.org