Təyin olunmuş inqilab ləğv edilir » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Köşə

Təyin olunmuş inqilab ləğv edilir – FOTO

Təyin olunmuş inqilab ləğv edilir

Müəllif: Eynulla Fətullayev



Seçkilərə az qalıb. Artıq yeddi il müddətinə ölkənin strateji inkişafı vektorunun müəyyənləşdirilməsi baxımından nəhəng hadisədir. Azərbaycanın daxili siyasi həyatı yeni zamanın adiləşmiş, büsbütün yarıvirtual həyat tərzinə keçmiş blogerlərinin səs-küylü, az qala söyüşlü mübahisələri ilə məhdudlaşdı. Siyasi mübarizənin məqsədi nədir? İlk növbədə, hakimiyyət uğrunda mübarizə. Söhbət dəyərlərin mübarizəsindən və sivil yanaşmaların toqquşmasından getmir. Bu, daha çox sosial-siyasi baxışları və dəyərlər sistemini formalaşdıran maarifçilərin missiyasıdır. Siyasətçilər baxışlar sisteminə söykənərək, xalqın və cəmiyyətin dəstəyini qazanmağa çalışırlar ki, hakimiyyətə gəlsinlər və öz arzularını, milyonların istəklərini həyata keçirsinlər. Əslində, bunlar hamıya məlum olan həqiqətlər, elementar tarixi gerçəklər və politoloji aksiomlardır ki, azacıq şübhə doğurmurlar və konseptual təftişə ehtiyacları yoxdur.

Təyin olunmuş inqilab ləğv edilir


Lakin Azərbaycanda müxalif siyasətçilər faktiki olaraq özlərini reallıqdan uzaqlaşdırıblar, Şəbəkəyə köçüblər və hakimiyyətlə münasibətlərdə söyüşlü mübahisə yolunu seçiblər. Buna parlaq misal kimi siyasətçi Əli Kərimlini göstərmək olar. Sual olunur: Əli Kərimli etirazçı blogerlərdən nə ilə fərqlənir? Nəyə iddia edir? Şəbəkədə populyarlığa? Yoxsa hakimiyyət uğrunda mübarizədə müvəffəqiyyətə? O və onun başçılıq etdiyi siyasi qüvvə əsas siyasi hadisəni boykot edirsə, Azərbaycanın taleyini hansı yolla dəyişmək istəyir?

Əli Kərimli artıq neçə ildir ki, hakimiyyət uğrunda mübarizədən imtina edib. Sual olunur: nəyə görə əsas müxalif siyasətçi ölkədə hakimiyyət uğrunda kəskin mübarizəyə daxil olmur?

Əli Kərimli bəhanə gətirir ki, Azərbaycanda qatı diktatura bərqərardır, bütün siyasi azadlıqlar ləğv edilib, iradəsini bildirmək kimi təbii hüquq isə xalqın əlindən alınıb. Gəlin, Azərbaycan Xalq Cəbhəsi Partiyasının liderinə inanaq (!!!) və onun məntiqinə istinadən bir suala cavab verməyə çalışaq – nəyə görə müxalifətçi siyasətçilər hakimiyyət uğrunda mübarizədən əl çəkiblər? Məgər Azərbaycanda seçkilər – istər prezident seçkiləri, istər parlament, istərsə də yerli seçkilər - ləğv edilib? Bəlkə parlament buraxılıb? Doğrudanmı, bütün formalarda kütləvi etiraz aksiyaları qadağan edilib?

Kərimli hesab edir ki, seçkilər ləğv edilməyib, lakin saxtalaşdırılır. Guya ki, iqtidar seçicilərin səslərini oğurlayır. Tutaq ki! Bəs özündən müştəbeh və yorulmadan xalqın tam dəstəyindən bəhs edən siyasətçi Əli Kərimliyə kim mane olur ki, seçkilərdə sərt və sistemli monitorinq təşkil etsin, saxtalaşdırmaları sübuta yetirsin və xalqı öz səslərini qorumağa səsləsin? Kim mane olur?! Doğrudanmı, xalq ayağa qalxıb öz səsini müdafiə etməyəcək?!

Kərimli bəyan edir ki, repressiyalar mane olur. Tutaq ki. Lakin repressiyalar yalnız kiçik bir sosial qrup – azsaylı tərəfdarlar kütləsi üçün keçərlidir, heç bir polis dəyənəyi milyonların kor-koranə qızğın etirazını dayandıra bilməz. Harada və hansı ölkədə hətta dişlərinə qədər silahlanmış ordu və polis qüvvələri xalq narazılığı dənizinin və hiddət partlayışının qarşısını kəsə bilib? Tarixi paralellərə və düşüncələrə dalmadan bu yaxınlarda baş vermiş və bütün Yaxın Şərqi lərzəyə gətirmiş “ərəb baharı”na müraciət edək. Heç bir ölkədə nə seçki, nə də siyasi azadlıqlar vardı. Lakin xalq hiddətinin partlayışı və milyonların etirazı ərəb hakimlərinin uzunmüddətli stabil rejimlərinə son qoydu.

Təyin olunmuş inqilab ləğv edilir

budur, “ərəb baharı”nın qaldırdığı xalq üsyanı dalğası

Mübarək və hətta diktatordan sonrakı Misirdə, yaxud Qəzzafi dövrünün, yaxud indiki qarışıqlıq və zamansızlıq Liviyasında heç bir siyasi qüvvə etiraz aksiyası keçirmək hüququna malik olmayıb. AXCP-nin belə bir hüququ var. Və o, Ə.Kərimliyə Konstitusiya və Prezident tərəfindən bəxş edilib.

Kərimli öz partiyası ilə hər gün paytaxtın mərkəzində - Yasamalda – mərkəzi hakimiyyət orqanlarının lap yaxınlığında çoxmilyonluq etiraz mitinqləri keçirə bilər. Elə bu gün də cəmi bir neçə saatdan sonra Kərimli və onun müxalif Milli Şuradan olan müttəfiqləri daha bir müxalifət mitinqi keçirməyə hazırlaşırlar. Əminliklə bildirirəm ki, mərkəzi meydana sayı 5 min nəfərdən artıq olmayan müxalifətin ənənəvi tərəfdarlarından başqa heç kim gəlməyəcək.

Cəmi bir neçə ay öncə bu etiraz aksiyalarına Cəbhənin Meydan dövründən qalmış dağınıq sosial bazasını təşkil edən həmişəki yorğun tərəfdarlarından ibarət ən çoxu 2 min nəfərə qədər kütlə toplaşırdı. Əgər xalq, yaxud onun az bir hissəsi hakimiyyətdən narazıdırsa və Kərimlini dəstəkləyirsə, ona heç kim mane olmur ki, icazəli mitinqə gəlsin, diktaturaya (cəbhəçilərin təbirincə desək) qarşı çıxsın və son, qətiyyətli döyüşə girsin. Əslində, elə bu motiv lideri hələ də həbsxanada olan digər müxalif təşkilata – REAL-a əsas verdi ki, mitinq taktikasından imtina etsin.

Bax, Kərimlinin hər dəfə namünasib hallarda yan keçdiyi əsas sual budur. O, xalq kütlələrinin siyasi düşüncəsinin olmamasını və yetişməməsini bəhanə gətirir. Marksizm klassikləri bu barədə nə deyir? İnqilabi vəziyyəti xalq deyil, inqilabi qüvvələr yaradır və gerçəkləşdirir! “Psevdoinqilabi” ideyasız və adi insan qəzəbindən kor olmuş gizli dərnəklər isə hətta ölkədə xeyli sayda həyati əhəmiyyətli sosial problemlər fonunda belə bu vəziyyəti yaratmaqda gücsüzdürlər.

Təyin olunmuş inqilab ləğv edilir

bu isə vur-tut Azərbaycan etirazıdır

Əgər AXCP seçki dairələrinin üçdə bir hissəsində belə öz namizədlərini irəli sürə bilmirsə, uğursuzluqlarla nəticələnən mitinq və aksiyalardan danışmağa da dəyməz. Heç kim yoxdur! Heç kim qalmayıb! Tərəfdarların bir qismi pərişandır, digər qismi hakimiyyət tərəfə keçib, qəzəbli liderin ətrafında isə getməyə yeri olmayanlar qalıb. Nə partiya strukturları var, nə komissiyalar, nə də rayon komitələri.

Tam özünü kənarlaşdırma göz qabağındadır, əslində AXCP-nin – aşağı səviyyəli siyasi və sosial mədəniyyətə malik kəmsavad əyalət insanlarını özündə cəmləşdirmiş fantom partiyanın lideri Şəbəkəyə keçib və tribuna açaraq, yalnız hakimiyyəti söyməklə məşğuldur. Kərimli hətta Rusiyada məşhur olan Navalnı kimi fundamental təhqiqat apararaq kəskin tənqid etmək qabiliyyətinə də malik deyil. Və bu, Kərimli demişkən, mütləqiyyətçi iqtidar etirazın kölgəsini belə sezməyərək, heç bir təhlükə hissi duymadan, hipotez şəklində olsa belə təhdid hiss etmədən boş siyasi fəzanı seyr etməkdədir.

Səbəb isə başqadır – Kərimli sistemli və işlək siyasi mübarizə təşkil etməyə qadir deyil. Dağınıq etirazın sırınmış lideri bəzən necə də miskin görünür! O, tamamilə ciddi üz ifadəsi ilə açıq bəyanat verir: “Ofisimiz yoxdur!” Və bütün bunlar sosial şəbəkələr və inqilabi kütlələrin innovasiya texnologiyaları vasitəsilə təşkili dövründə deyilir! Kabinet yoxdursa, inqilab da yoxdur!

“Bizi televiziyaya buraxmırlar!” – seçkilərdə iştirak etməməsini izah etməyə çalışan Kərimli ucadan bağırır. Və bütün bunlar insanların kütləvi şəkildə televizor önündən ayrılaraq, internet məkanına köç etdiyi bir vaxtda bildirilir! Bütün bu 1990-cı illərin mübarizə şərtlərinə daha xarakterik olan bəhanə və arqumentlər hər şeyə qalib gələn və qanadlandıran internet əsrində gülüş doğurur, çünki əsassızdırlar, uydurulmuşdurlar və yeni minilliyin siyasi mübarizə nəzəriyyəsi və əsaslarından çox uzaqdırlar. Həqiqətin gözünə baxmaq elə də çətin deyil – xalq Əli Kərimlinin arxasınca getmir və getməyəcək.

İqtidarın onu az qala qulağından dartaraq parlament seçkilərində 5%-lik səddən keçirdiyi 1995 və 2000-ci illərdə olduğu kimi xalq onun ardınca getməyəcək. Ötən ilin payızında – iqtisadi və bank böhranının qızğın çağında – hakimiyyət üçün o qədər də xoş olmayan dövrdə getmədiyi kimi. Kərimli üçün az qala göydəndüşmə bir şans olan həmin vaxtda müxalifətin müxtəlif qütblü etirazçı elektoratı toplamaq üçün real imkanı vardı. Lakin təəssüf, meydana bir ovuc narazı çıxdı. Kərimli son siyasi texnologiyadan – etirazçı kütlənin qar koması kimi artması texnologiyasından istifadə etməyə çalışdı. Əbəs idi – mitinqlərə getdikcə az adam gəlirdi. Xalq çıxmadı və getmədi. Fiasko! Yenə də kolliziya, Kərimli məcbur qalaraq, sözün əsl mənasında Şəbəkəyə sürünüb keçdi və müqavimət illüziyası yaratmaqda davam edərək, virtual barışmazlığı imitasiya edir. Məğlubiyyəti isə gözünün götürmədiyi diktaturanın hər şeyə qalib gələn marşına “silmək” olar. Görürsünüz də, ofis yox, telekanal yox, saytlar bloklanıb və ən nəhayət, inqilabın narıncı qızılgülü – Gözəl Bayramlının özü həbs olunub...

Permanent inqilab işinin bu biabırçı məğlubiyyəti fonunda Kərimli kübar xronikada qalmaqallar üçün səbəblər verməkdədir. Mütəmadi olaraq KİV-də xalq üsyanının liderinin, yaxud onun yeni Janna d’Arkının – madam Gültəkinin daşınmaz əmlakları meydana çıxır, Londonun təmtəraqlı rayonlarındakı şəxsi uğurlardan başgicəllənmələr baş verir – ya oğul məşhur pabda içir, ya arvad butikdən alver edir və bahalı plastik əməliyyat etdirir, ya yeni xarici maşın peyda olur, ya da iri cüssəli cangüdənlər... Hər yerdə də mənşəyi heç kimə məlum olmayan pulların xoş olmayan qoxusu gəlir.

Təyin olunmuş inqilab ləğv edilir

Əli Kərimli hələ də televizora inanır

Bəzi səfirliklərdə keçirdiyi özəl görüşlər zamanı aldığı bu pullarla Kərimli bir neçə internet-TV, yeni saytlar yaradıb məşhurlaşdıra, yaxud da bir neçə rayon komitəsi qura bilərdi... Yadınıza gəlirmi, bolşeviklərdə olduğu kimi – Peterburqda “Pravda”nı bağlayırdılar, “Vyana pravdası” açılırdı, “Vyana pravdası” bağlanırdı, “Sibir pravdası” açılırdı... (həmin vaxt isə dünya inqilabının rəhbəri İsveçrə kitabxanasında təvazökarcasına kiçik buterbrodlar yeyirdi!) Bəs partiya və inqilab işi üçün nəzərdə tutulmuş partiya üzvlük haqları və digər maddi yardımlar hara gedir?! Doğrudanmı plastik əməliyyatlara, butiklərə və xarici maşınlara xərclənir?! Və imitasiyaya, hərgah, bunu feysbuk efirində boş sözlərlə və populist müraciətlərlə və özündən müştəbeh rəhbərin özünü tərifləmələri ilə məhdudlaşan siyasi mübarizə parodiyası da adlandırmaq olar.

İdeyasızlıq, prinsipsizlik, xaraktersizlik, utanmazlıq... Kərimlinin siyasi portretinin cizgilərinə diqqət yetirin. O, vur-tut öz adidən adi müharibə-oyununu aparır. Bundan artıq heç nə. Yalnız özünü sübuta yetirmək, şəxsi ədavət, sistemin çökməsinə ümidlə güzəştə getməyən və barışmaz mübariz statusunda parazit həyat sürməklə. Nə yüksək ideyalar var, nə də siyasi ideologiyaya iddialar. Heç bir dünyalar müharibəsindən söhbət belə getmir. Yalnız ekzistensiyalar və komplekslər. Və qəzəb – özünə və bütün lənət olmuş dünyaya. İş məğlubiyyətə düçar olub, bu, əhvalatın sonudur. Yalnız Əli Kərimli üçün deyil. Tarixin çarpazlarında azıb qalmış bütöv bir Meydan nəsli üçün.

Bugünkü real Azərbaycanın müxalif siyasi həyatı bax budur – boş meydan, sınmış idollarının arasında itib-batmış və inamını itirmiş etirazçı kütlə, öz təmtəraqlı həyatlarında rahatlıq tapmış rəngarəng başsız liderlər və tarixin dərsləri ilə müdrikləşmiş və bu biabırçı maskarada gülümsəyərək tamaşa edən xalq...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *