Razi Nurullayev: "Əli Kərimli göründüyü kimi deyilmiş”
AXCP sədrinin sabiq müavini Razi Nurullayev partiyadan istefası ilə bağlı bəyanat yayıb.
ANS PRESS-in məlumatına görə, Razi Nurullayev bəyənatında istefa verməsinin səbəblərini belə açıqlayıb:
"Çox təəssüf edirəm ki, yollarımız rəsmiyyət olaraq ayrıldı. Amma, təbii ki, heç zaman doğru bildiyim yoldan geri çəkilən deyiləm. Azərbaycan Xalq Cəbhəsi Partiyasından istefa verdiyimi bəyan edirəm. Çünki, sədrlə aramızda Himalay dağı boyda uçurum var. Bu uçurumu doldurmaq üçün partiyaya qoşulduğum zamandan çalışdım. AXCP-yə qoşulmamış Əli Kərimlini başqa cür tanıyırdım. Amma, daha yaxın olduqca, gümanlarımın məni aldatmış olduğunu gördüm. O göründüyü kimi deyilmiş. Təəssüf edirəm. Əli Kərimliyə bir siyasətçi və insan kimi xoş münasibətimi saxlayıram və həmişə də saxlayacam. Amma, siyasət aləmində onunla bir sırada getməyin mümkün olmadığını görürəm.
Bu gün bir daha AXCP-də hökm sürən diktatura özünü göstərdi. İllərlə demokratiya uğrunda yorulmadan mübarizə aparmağımıza rəğmən AXCP sədri hörmətli Əli Kərimlinin avtoritar düşüncəsi, nəniki cəmiyyətin digər kəsiminə, iqtidara və ya digər müxalif qüvvələrə deyil, hətta öz partiyadaşlarına belə qısqanclığı, fikir müxtəlifliyinə dözümsüzlüyü, aqressiyası, bizə demokratiya uğrunda səmimi mübarizəmizi əngəlləyirdi və yenə əngəlləməkdə davam edir.
Partiyada hörmətli Əli Kərimli daxili avtoritarizm yaradıb və heç bir daxili demokratiya yoxdur. Partiyada azad söz də yoxdur. Təəssüf edirəm ki, hörmətli Əli bəyin tənqidə və fərqli fikirə də dözümü yoxdur. Partiya dediyimiz bir səhmdar təşkilat kimi qurumdur. Hər bir cəbhəçi onun səhmdarıdır. Razıyam ki, birinin bir, o birinin iki, bəzilərinin isə 100 səhmi ola bilər. Amma, 20 ildir ki, insanların səhmi əlində yanıb. Onlar bu səhmlərdən xeyir götürə bilməyiblər. Bütün səhmlər Əli Kərimliyə xidmət edib və etməkdədir. Biz niyə cəbhəçinin başının altına hər dəfə yasdiq qoymalıyıq ki, gəlirik? Axı necə gəlirik, niyə cəbhəçilərə yalan söyləməkdə davam edirik? Bunu qarşı oldum. Mən səhmimdən istifadə etmək istədim, səhmdar hüququmdan istifadə edib, dəyişiklik gətirmək istədim. Buna təhamül edəmədi. Səhmdar var, səhmlər yox dedi".
Mənbə:> ANSPRESS