ABŞ-da son 10 gündə 20 jurnalist niyə həbs edildi? » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Media

ABŞ-da son 10 gündə 20 jurnalist niyə həbs edildi? – FAKTLAR

ABŞ-da son 10 gündə 20 jurnalist niyə həbs edildi?


Bu şəhərdə baş verənlər göstərir ki, ABŞ-ın dünyaya demokratiya dərsi keçmək iddiasına düşməyə haqqı yoxdur.

Demokratiya həm dövlət idarəçiliyinin, həm birgə yaşayışın, həm də vətəndaş-dövlət münasibətlərinin bu gün üçün mövcud olan ən yaxşı və həm də ən ahəngdar bir formasıdır. Bu proses insanların yüz illərlə düşündüyü və indi dünyanın böyük bir ərazisində təcrübədən uğurla çıxmış bir dəyərdir.

Azərbaycan dövləti ötən 20 ildə bir çox sahələrdə həm regionda, həm də ki, keçmiş postsovet məkanında nümunə ola biləcək işlərə imza atıb. Bunlardan biri cəmiyyətimizdə dərin kök salan demokratik dəyərlərdir. Siyasi plüralizmin, söz, mətbuat və vicdan azadlığının bərqərar olması, mükəmməl seçki sisteminin formalaşdırılması, vətəndaş cəmiyyəti institutlarının inkişafı, dövlətin qeyri-hökumət təşkilatlarına və mətbuata yardımı, internet azadlığı və s. bu kimi faktlar Azərbaycanın demokratiya yolunun açıq və çoxşaxəli olduğunu göstərir. Amma diqqəti çəkən digər bir məqam da var ki, Azərbaycan inkişaf etdikcə, uğurlarının sayı artdıqca müəyyən xarici dairələr bizə qarşı qərəzli olur, ta əvvəldən respublikamıza münasibətdə ortaya qoyduqları ikili standartları daha da dərinləşdirirlər.

Təbii ki, ölkə inkişaf etdikcə daha da güclənir və apardığı siyasətdə müstəqilliyi artır. Belə olan halda bir sıra təşkilatların, dövlətlərin, ayrı-ayrı maliyyə-iqtisadi və siyasi qurumların həmin ölkəyə təzyiq imkanları da məhdudlaşır. Bu mənada Azərbaycanın müstəqil siyasət yeritməsi bu gün uğurlarımızı həzm edə bilməyən, erməni təəssübünü çəkən Qərbin bəzi dairələrinin qısqanclığına gətirib çıxarır. Bu isə ölkəmizə qarşı demokratiya adı altında qərəzli münasibətlərin ortaya qoyulması ilə müşayiət olunur.

Lakin təcrübə göstərir ki, dünyaya demokratiya dərsi keçməkdə iddialı olan Qərb ölkələri bu ad altında sadəcə öz maraqlarını və mənafelərini təmin etməyə çalışırlar və bununla da spekulyasiya ilə məşğul olurlar. Konkret olaraq ABŞ-da son günlərdə baş verən hadisələr bunun bariz təsdiqidir. Xatırladaq ki, 2014-cü il avqustun 9-da ABŞ-ın Missuri ştatının Ferqyuson şəhərində polislərin 18 yaşlı silahsız zənci Maykl Braunu qətlə yetirmələri şəhərdə əhali ilə hökumət qüvvələrinin genişmiqyaslı qarşıdurmasına səbəb olub. Bu hadisə Qərb demokratiyasının iç üzünü və konkret olaraq sözügedən ölkədə insan hüquqlarının təminatına məhəl qoyulmadığını göstərdi. Çünki M.Braun əllərini yuxarı qaldırsa da, polis buna məhəl qoymayıb və onu güllələyib. Bu hadisə bir tərəfdən insanın yaşamaq hüququnun əlindən alınması, digər tərəfdən ABŞ-da demokratik dəyərlərə olan sayğısızlığın və iqrçiliyin baş alıb getməsinin təzahürüdür.

Qətldən sonrakı hadisələr də ABŞ-da irqi ayrı-seçkiliyi, polis özbaşınalığını, vətəndaşların sərbəst toplaşmaq, söz və məlumat azadlığı kimi fundamental hüquqlarının pozulduğunu açıq nümayiş etdirdi. Belə ki, Ferqyuson şəhərində bu hadisəyə haqlı olaraq etiraz edənlərin dağıdılması üçün milli qvardiya yeridildi, komendant saatı elan olundu, etirazçılara qarşı polis dəyənəyindən, gözyaşardıcı qazdan, su şırnağından, rezin güllələrdən və digər xüsusi vasitələrdən istifadə olundu.

Ferqyuson şəhərindəki hadisələr ABŞ-ın demokratik dəyərlərə sayğısızlığı baxımından iç üzünü ortaya qoydu. Belə ki, müxtəlif ölkələrdə jurnalist fəaliyyətinə yaradılan məhdudiyyətləri sərt tənqid edən ABŞ hakimiyyətinin həyata keçirdiyi tədbirlər göstərdi ki, bu ölkənin özündə media əməkdaşlarının informasiya əldə etmək və yaymaq hüququ daha sərt şəkildə məhdudlaşdırılır. Çünki Ferqyusondakı hadisələri işıqlandıran, ABŞ hakimiyyət orqanlarını tənqid edən ictimai fəallar, jurnalistlər sərt təzyiqlərə, həbslərə məruz qalıblar. Məsələn, avqustun 13-də "Washington Post" və "Huffington Post" nəşrlərinin əməkdaşları Uesli Loyeri və Rayan Reyli həbs edilərək bir neçə saat polis bölməsində saxlanıldı. Avqustun 18-də "Getty" agentliyinin əməkdaşı Skott Olson, avqustun 18-dən 19-na keçən gecə isə Almaniyanın "Die Welt" qəzetinin əməkdaşı Ansqar Qro, "Stuttgarter Zeitung" qəzetinin əməkdaşı Frenk Qerman və "Bild" nəşrinin əməkdaşı Lukas Hermsmayer heç bir ittiham irəli sürülmədən həbs olundular. Avqustun 15-də hüquq-mühafizə orqanları jurnalistlərə qarşı gözyaşardıcı qazdan istifadə etdilər. Nəticədə "Al-Jaazera" kanalının əməkdaşları xəsarət aldılar.

Avqustun 21-də Türkiyənin "Anadolu" İnformasiya Agentliyinin fotomüxbiri Bilgin Şaşmaz isə polislər tərəfindən döyülərək həbs edilib. Türkiyənin Xarici İşlər Nazirliyi hadisəyə operativ münasibət bildirərək ABŞ polisinin jurnalistə qarşı zorakılığını pisləyib. Türkiyə XİN-in sözçüsü Tanju Bilgiç fotomüxbirin polis tərəfindən zorakılığa məruz qalmasını və 5 saat ərzində təcridxanada saxlanmasını mətbuat azadlığının təməl prinsipi olan jurnalistlərin peşə fəaliyyətlərini maneəsiz həyata keçirmələri şərtinin kobud şəkildə pozulması kimi qiymətləndirib. Almaniya Jurnalistləri Assosiasiyasının sədri Maykl Konken bəyan edib ki, hüquq-mühafizə orqanlarının jurnalistlərin fəaliyyətinə müdaxiləsinə bəraət qazandırmaq olmaz. Ferqyusondakı hadisələr böyük ictimai maraq kəsb edir və işıqlandırılmalıdır.

Ferqyusonda polis zorakılığına məruz qalan jurnalist Ansqar Qro bildirib: "Bizi yoxladılar, bütün yazılarımızı, mobil telefonlarımızı, pulqabını, kəmərlərimizi, hətta ayaqqabılarımızın bağını belə götürdülər. Frenk German nişan üzüyünü çıxarmaq istəməyəndə isə onu birnəfərlik kamera ilə hədələdilər. Mən çoxsaylı qaynar nöqtələrdə - Əfqanıstanda, Qəzzə bölgəsində, İraqda, Vyetnamda olmuşam, amma əli qandallı təkadamlıq kamerada zalım polislərlə qarşı- qarşıya durmaq üçün ABŞ-ın Missuri ştatının Ferqyuson şəhərinə gəlməyim lazımıymış. Mənim onlara etimadım tamamilə yoxa çıxdı".

Ümumilikdə qətl hadisəsinin baş verdiyi avqustun 9-dan bugünə kimi 20-yə yaxın jurnalist həbs olunub. Onlardan 11-i avqustun 17-20-si arası nəzarətə götürülüblər. BMT-nin Baş katibi Pan Gi Mun Amerika hökumətini vətəndaşların dinc nümayiş və söz azadlığı hüququnu müdafiə etməyə çağırıb. BMT-nin rəsmi nümayəndəsi Stefan Dujarrik Ferqyusonda qaradərili gəncin ölümü ilə bağlı keçirilən brifinqdə deyib: "Baş katib hakimiyyəti vətəndaşların dinc toplaşmaq hüququnu təmin etməyə, fikirlərini azad şəkildə bildirmək hüququnu müdafiə etməyə çağırır". Onun sözlərinə görə, Pan Gi Mun nümayişçilərlə rəftarda beynəlxalq standartlara əməl olunmasını tələb edir.

ATƏT də ABŞ-da yaşanan son olaylardan narahatlığını bəyan edib. ATƏT ABŞ-ı Ferqyusondakı etiraz aksiyalarını işıqlandıran jurnalistlərin söz azadlığını təmin etməyə çağırıb. ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin yazılı açıqlamasında Birləşmiş Ştatlarda 18 yaşlı qaradərili gənc Maykl Braunun polis tərəfindən öldürüldüyü Sent Luis şəhərinin Ferqyuson rayonundakı nümayişlərdə jurnalistlərin həbs edilməsi pislənilir: "Ferqyusondakı hadisələrlə bağlı xəbər hazırlayan jurnalistlərin azad və təhlükəsiz şəkildə çalışa bilməsinin təmin olunmasını istəyirəm". ATƏT nümayəndəsinin açıqlamasında jurnalistlərin saxlanıldığı, bəzilərinə qarşı gözyaşardıcı qazdan istifadə edildiyi bildirilir.

Avropa Şurası Ferqyuson şəhərində polis tərəfindən dinc nümayişçilərə, həmçinin orada baş verən hadisələri işıqlandıran jurnalistlərə qarşı güc tətbiq olunması və onların həbs edilməsindən ciddi narahatlığını ifadə edib. Qurumun rəsmi saytına yerləşdirilmiş məlumata görə, bu barədə təşkilatın baş katibi Torbyorn Yaqlandın Ferqyusondakı hadisələrlə bağlı bəyanatında deyilir. T.Yaqland qeyd edib ki, bu, sərbəst toplaşma və ifadə azadlığı kimi insan hüquqlarını pozur: "Bu hüquqlar demokratiyanın əsasını təşkil edir. Hər hansı bir məhdudiyyət qanun çərçivəsində olmalıdır. Həm dövlət orqanları, həm də etirazçılar təmkinli və məsuliyyətli olmağa çalışmalıdırlar". O bildirib ki, ABŞ Avropa Şurasında müşahidəçi dövlət olarkən təşkilatın prinsipləri və dəyərlərinə dəstək olacağına razılıq verib.

ABŞ hüquq-mühafizə orqanlarının mediaya qarşı sərt tədbirləri ABŞ hakimiyyətinin nüfuzuna mənfi təsir göstərə biləcək informasiyanın KİV-lərdən gizlədilməsi və ictimailəşmənin qarşısını almaq məqsədi güdür. Bu bir daha Vaşinqtonun insan haqları və media azadlığı sahəsində ikili standartlar siyasəti yürütdüyünü açıq nümayiş etdirir. Jurnalistlərə qarşı sərt tədbirlər, zorakılıq və həbslər ABŞ hökumətinin bütün ölkələrdə fundamental azadlıqların təmin edilməsinin zəruriliyi barədə bəyanatlarının, müstəqil dövlətlərə demokratiyanın ağlasığmaz hazır reseptlərini tətbiq etmək cəhdlərinin qeyri-səmimiliyini göstərir.

İnsan haqları və fundamental azadlıqların ölkələrin daxili işləri olmadığını hər addımbaşı bəyan edən ABŞ rəsmilərinin bütün bu məsələlərə münasibəti isə əsl şok effekti yaradır. ABŞ Dövlət Departamentinin rəsmisi Meri Xarf bildirib: "Hazırda Ferqyusonda müəyyən hadisələr baş verir və bu, ABŞ-ın daxili məsələsidir. Prezident artıq bununla bağlı bəyanat verib. Ora baş prokuror gedir. Buna görə də mənim ABŞ-ın daxili işi olan və Dövlət Departamentinə heç bir aidiyyəti olmayan bu məsələ ilə bağlı əlavə şərhim yoxdur. Xahiş edirəm, bu hadisələri başqa ölkələrdə baş verənlərlə müqayisə etməyin - başqalarından fərqli olaraq, biz öz problemlərimizi açıq və düzgün həll edirik".

Göründüyü kimi, ABŞ rəsmiləri öz ölkələrində baş verənləri daxili işləri adlandırır. Amma başqa ölkələrdə qanunçuluğun təmin olunmasına yönəlmiş tədbirləri demokratiyaya zidd addım hesab edir.

ABŞ-da qaradərili gəncin öldürülməsi bu ölkədə demokratiyanın əsas prinsiplərindən olan tolerantlığın, multikulturalizmin olmadığını, digər irqdən olan insanlara dözümsüzlüyü ortaya qoydu. Məsələn, "Rew Research" təşkilatının apardığı araşdırmaya əsasən, Ferqyusondakı hadisələr ABŞ-da irqi ayrı-seçkiliyin qaldığını təsdiq edir. Qaradərili əhalinin 65 faizi hesab edir ki, polisin etirazçılara qarşı həyata keçirdiyi tədbirlər bütün mümkün çərçivələri aşıb. Ağdərili əhalinin 33 faizi bu mövqeyi bölüşsə də, 32 faizi hesab edib ki, etirazçılara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə "tam yerinə düşən" tədbirlər olub. Qaradərililər ABŞ-ın hüquq-mühafizə sisteminin tərəfsizliyinə və obyektivliyinə kütləvi etimadsızlıq nümayiş etdiriblər. Onların yalnız 18 faizi əmindir ki, hadisənin səbəbkarları cəzalandırılacaq. Böyük əksəriyyət isə düşünür ki, ABŞ hakimiyyət orqanları qaradərili insanların haqq səsini eşitməyəcək.

ABŞ-da irqi zəmində qarşıdurmalar yaxın tarixdə də müşahidə olunub. 1992-ci ildə Los Ancelesdə qaradərili vətəndaşı döyərək öldürən 4 polisə bəraət qazandırıldıqdan sonra yaranmış kütləvi iğtişaşlar nəticəsində 52 nəfər ölmüş, yüzlərlə insan yaralanmışdı. Bütün bunlar bir daha göstərir ki, ABŞ-ın demokratiya dərsi keçmək iddiasına düşməyə haqqı yoxdur. Ən azından Ferqyuson şəhərində baş verən hadisələrdən sonra bütün dünya gördü ki, ABŞ-ın demokratiya adı altında digər ölkələrə olan münasibəti əslində öz maraqlarını təmin etməkdən, başqalarının işinə qarışmaqdan, sabit cəmiyyətləri qarışdırmaq niyyətindən başqa bir şey deyildir.

Mənbə: "Azərbaycan" qəzeti
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *