Misir “Zöhr” yatağında təbii qaz hasilatına başlayıb
Misirin Port Said şəhərində “İtaliyanın iri neft-qaz şirkəti “Eni” tərəfindən 2015-ci ildə Aralıq dənizində kəşf edilmiş “Zöhr” təbii qaz yatağında hasilatın ilkin mərhələsinin başlanması mərasimi keçirilib.
Təntənəli mərasimdə Misir Prezidenti Əbdülfəttah əs-Sisi, baş nazir Şərif İsmayıl, hökumət üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Layihənin ölkə üçün əhəmiyyətindən danışan dövlət başçısı vurğulayıb ki, Misirdəki bütün iqtisadi nailiyyətlər ölkədə bərqərar olmuş sabitlik və təhlükəsizlik sayəsində əldə edilib. Prezident, həmçinin kəşfiyyat işlərinin aparılmasına icazə verən Kiprlə dəniz sərhədlərinin delimitasiyasına dair razılaşmanın da önəmli olduğunu qeyd edib.
Misirin neft və mineral ehtiyatlar naziri Tarik əl-Mulla bildirib ki, “Zöhr” yatağının ehtiyatları 30 trilyon kub fut olaraq qiymətləndirilir ki, bu da 5,4 milyard barrel neftə ekvivalentdir. Nazir əlavə edib ki, bu yatağın kəşfi xarici sərmayələrin cəlb olunması və yeni iş yerlərinin açılmasının təmin edilməsinə şərait yaradılması baxımından Misirin neft sektorunun uğurları tarixində yeni səhifə və milli iqtisadiyyatın inkişafı üçün çox mühüm layihədir.
İtaliyanın “Eni” şirkətinin icraçı direktoru Klaudio Deskalzi Misirlə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Mənbə:> Virtualaz.org