Türk ordusu Suriyaya girdi: 1 mehmetcik şəhid oldu
Türkiyə Suriyanın Eşme bölgəsinə girərək Türkiyə bayrağını qaldırdıqdan sonra Süleyman Şahın nəşinin qalıqları və “Süleyman Şah” Fəxri Mühafizə Alayının əsgərləri Türkiyəyə gətirilib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Suriyanın Hələb şəhəri ərazisində Karakozak kəndindəki Süleyman Şah türbəsində xidmət edən əsgərlərinin təhliyyəsi üçün əməliyyat keçirib.
Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində Süleyman Şahın nəşinin qalıqları və “Süleyman Şah” Fəxri Mühafizə Alayının əsgərləri Türkiyəyə gətirilib.
Süleyman Şahın cəsədinin qalıqları Suriyanın Türkiyə ilə sərhədinə 200 metr məsafədə olan Eşme bölgəsində mühafizə ediləcək. Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib ki, türbədən götürülmüş mənəvi əmanət dini törənlə bir neçə günlük Türkiyədə mühafizə ediləcək. Daha sonra isə Süleyman Şahın nəşinin qalıqları Suriyanın Eşme bölgəsində türk əsgərlərinin nəzarətində olan ərazidə dəfn ediləcək.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da əməliyyatı izlədiyini bildirib. O, yaydığı yazılı açıqlamada daha öncə də iki dəfə Süleyman Şah Türbəsinin və Fəxri Mühafizə Alayının yerinin dəyişdirildiyini qeyd edib: “Süleyman Şah Türbəsi və Fəxri Mühafizə Alayı yenə beynəlxalq hüquq və razılaşmalar çərçivəsində yeni məkana köçürüləcək, orda bayrağımızı dalğalandırmağa və əcdadımızın xatirəsini yaşatmağa davam edəcəyik”.
Türkiyə prezidenti qeyd edib ki, əməliyyatı keçirməkdə məqsəd Süleyman Şah Türbəsini Suriya ərazisində daha təhlükəsiz bir yerə nəql etmək olub. O bildirib ki, əməliyyat uğurla başa çatıb. Əməliyyat zamanı heç bir silahlı qarşıdurma olmayıb, bir əsgər qəza nəticəsində şəhid olub.
11:57
Türk ordusu Osmanlı imperiyası hakimlərinin ulu babası Süleyman şahın məqbərəsini qoruyan 40 əsgəri təxliyyə etmək üçün Suriyada uğurlu əməliyyat keçirib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Sabah qəzeti yazıb.
Ötən ilin payızından abidə İŞİD yaraqlılarının nəzarəti altında idi.
Əməliyyat bazar günü gecə, yerüstü və hava qüvvələrinin birgə dəstəyi ilə keçirilib. Ümumilikdə 750 hərbçi əməliyyatda iştirak edib.
Reuters-in məlumatına görə, əməliyyat zamanı 1 türk əsgəri bədbəxt hadisə nəticəsində həlak olub.
Türkiyənin Baş naziri Əhməd Davudoğlu Twitter-də Süleyman şahın cəsədinin qalıqlarının da təxliyyə olunduğunu yazıb.
Qeyd edək ki, Süleyman şahın – imperiyanın banisi I Osmanın babasının məqbərəsi Türkiyənin Suriyadakı anklavının ərazisində idi və 1921-ci il tarixli müqaviləyə əsasən türk hərbçilər tərəfindən qorunurdu.
Mənbə:> Oxu.Az