İran Türkiyəni ittiham etdi
İran Türkiyə ordusunun Suriyaya girməsindən narahat olduğunu bildirib.
ANS PRESS-in məlıumatına görə, İranın rəsmi xəbər agentliyi İRNA Türkiyənin həyata keçirdiyi əməliyyatı qınayıb.
Agentlik yayımladığı xəbərdə qeyd edib ki, "Türkiyə Suriya torpaqlarındakı Süleyman şah türbəsinin mühasirəsi kimi əsassız səbəblə Suriya sərhədlərini pozub".
İRNA həm də CHP-nin baş katibi Gürsəl Tekinin Türkiyə hakimiyyətinin bu addımını qınayan çıxışına da diqqət yönəldib. Belə ki, Gürsəl Tekin ordunun əməliyyatını tənqid edərək bildirmişdi ki, “Şah deyil, mat əməliyyatı oldu. 90 illik Cümhuriyyət tarixində ilk dəfə mübarizə aparmadan torpaqlarımızı itiririk. Bu qəbul ediləcək bir vəziyyət deyil”. İRNA da Tekinin bu sözlərini önə çıxararaq CHP-ni “Suriya böhranı başlayan vaxtdan etibarən Türkiyə hökumətinin Suriyaya yönəlmiş düşmən münasibətini tənqid edən partiya” kimi təqdim edib.
İranda ingilis dilində yayımlanan dövlət teviziyası "Press TV" də xəbərini "Türkiyə Suriyaya torpaqlarına hərbi müdaxilə etdi" başlığı ilə yayımlayıb. Məlumatda isə "Türk ordusu Süleyman şah ordusunu qorumaq bəhanəsi ilə Suriya sərhədlərini pozdu" deyə bildirib.
Xatırladaq ki, Türkiyə Suriyanın Eşme bölgəsinə girərək Türkiyə ordusu bayrağını qaldırdıqdan sonra Süleyman Şahın nəşinin qalıqlarını və "Süleyman Şah" Fəxri Mühafizə Alayının əsgərlərini Türkiyəyə gətirib. Əməliyyat zamanı bir türk əsgəri həyatını itirib. Əsgərin qəza nəticəsində öldüyü bildirilib.
Mənbə:> ANSPRESS