Millət vəkillərindən Türkiyəyə təbrik
Millət vəkilləri Qənirə Paşayeva və Adil Əliyev özünü İraq və Şam İslam Dövləti (İŞİD) kimi təqdim edən terror təşkilatı tərəfindən girov götürülən diplomatların azad edilməsi ilə bağlı açıqlama veriblər.
ANS PRESS-in məlumatına görə, millət vəkili Adil Eliyev 101 gündür ki, bu sevincli xəbəri yalnız Türkiyə xalqının deyil, Azərbaycan xalqının da maraqla gözlədiyini ifadə edib. Deputat mərhum prezident Heydər Əliyevin "Bir millət iki dövlət" sözlərini xatırladıb.
O bildirib ki, Türkiyənin kədəri bizim kədərimiz, sevinci isə, bizim sevincimizdir. Adil Əliyevin sözlərinə görə, girovların azad edilməsi Türkiyənin gücünü bir daha isbat edib:
"Türkiyənin kəşfiyyat xidməti müvəffəqiyyətli əməliyyat edərək, türk diplomatları azad etdi. Bu, Türkiyə üçün çox böyük bir uğurdur. Baş nazir Davudoğlu Bakıdakı səfərini yarıda qoyaraq diplomatları qarşılamaq üçün vətəninə döndü. Bütün türk xalqını təbrik edirəm, bu hadisə bir daha sübut etdi ki, Türkiyə dövləti hər zaman öz xalqının yanındadır".
Millət vəkili Qənirə Paşayeva da qardaş Türkiyə xalqını təbrik edib. O bildirib ki, qardaşlarımızın sağ-salamat vətənə dönməsi bizi çox xoşbəxt etdi:
"Girov olaraq tutulan qardaşlarımızın burnu belə qanamadan azad edilməsi Türkiyənin nə qədər güclü bir dövlət olduğunu bir dəfə daha isbat etdi. İnşallah bir daha bu cür hadisələr təkrarlanmaz".
Mənbə:> ANSPRESS