Güləndən İŞİD girovları mesajı
Bir müddət əvvəl Türkiyə iqtidarı ilə “kəllə-kəlləyə gələn” “Hizmət” hərəkatının lideri Fəthullah Gülənin İŞİD-in qaçırdığı türk girovlarla bağlı açıqlaması yayılıb.
ANS PRESS-in məlumatına görə, ABŞ-ın Pensilvaniya ştatında yaşadığı bildirilən din xadimi Fəthullah Gülən 101 gün İŞİD terror qruplaşması tərəfindən girov saxlanılan Türkiyə səfirliyi işçilərinin azad edilməsi barədə fikirlərini bölüşüb.
“Səfir Öztürk Yılmaz və 48 vətəndaşımızın ölkəmizə sağ-salamat qayıtması onları narahatlıqla gözləyən ailələrini və bizi sevincə qərq etdi” – deyə F.Gülən bildirib.
Türkiyə hökuməti ilə arasında soyuq münasibətlər olan din xadimi həmçinin, girovların azad edilməsi üçün canları hesabına işləyən dövlət işçilərinə də təşəkkürünü çatdırıb.
Qeyd edək ki, 3 ay əvvəl 49 türk vətəndaşı İraqın Mosul şəhərində İŞİD terrorçuları tərəfindən girov götürülmüşdü. Türkiyə hökumətinin girovları geri qaytarmaq cəhdi, nəhayət ötən gün baş Verdi və bundan xəbər tutan Türkiyə baş naziri Əhməd Davudoğlu azad edilən türk diplamatları qarşılamaq üçün Azərbaycandakı rəsmi səfərini yarımçıq qoyaraq Türkiyəyə yollanmışdı.
Mənbə:> ANSPRESS