Girovlardan xəbər var
Türkiyənin Mosuldakı konsulluğunun İŞİD tərəfindən girov götürülən diplomatlarının öldürüldüyü barədə yayılan məlumatlara Türkiyə hökuməti açıqlama verib.
Cəmil Çiçək deyib ki, diplomatlar sağdılar və sakit bir ərazidədirlər. Lakin hələlik onları gətirmək mümkün deyil. İŞİD terrorçu təşkilatı İraqda 49 türk diplomatını iyunun 11-də girov götürüb.
ANS TV-nin məlumatına görə, Amerikalı jurnalist Ceymz Foulinin İŞİD cəlladı tərəfindən vəhşicəsinə qətlə yetirilməsindən sonra Britaniya qanunvericiliyində bəzi dəyişikliklər aparılıb. Çünki amerikalı jurnalistin İŞİD silahlı qruplaşmasında vuruşan şəxsin Londonda malikanədə yaşamış və repçiliklə məşğul olan Britaniya vətəndaşı olduğu deyilir.
Britaniyanın baş naziri David Kameron, İŞİD-in tərkibində vuruşan Britaniya vətəndaşları barədə yeni tədbirlər paketini parlamentə təqdim edib. Yeni ölçülərdən biri kimi, Britaniya höküməti cihadçıların Britaniyaya qayıtmaması üçün polisə onların Birləşmiş Krallıq pasportlarını müsadirə etmək səlahiyyəti verəcək.
Britaniyanın baş naziri David Kameron deyir ki, pasport vətəndaşa avtomatik olaraq heç bir hüququ vermir: “Artıq Daxili İşlər Nazirliyi bu məsələyə - terrorçuluqda iştirakını planlaşdırmaqda şübhəli bilinən, buna inanmağa tutarlı əsas olan, konkret şəxslərin pasportlarının ləğv olunması və ya yenilərinin verilməməsi barədə məsələni nəzərdən keçirib”.
Bu arada BMT kütləvi şəkildə insan haqqlarının pozulması qeydə alınan İraqa xüsusi ekspert qrupu göndərəcək. Belə bir qərar Cenevrədə, BMT-nin İnsan Haqqları Şurasında yekdilliklə qəbul olunub.
İraqa ezam olunacaq missiyanın əsas məqsədi özlərini “İslam Dövləti”nin döyüşçüləri kimi qələmə verən silahlı birləşmənin günahsız insanlara qarşı sistematik və kütləvi şəkildə törətdiyi dəhşətli qətlləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır. Bununla yanaşı, yaradılacaq yeni missiya İraqda insan haqqlarını pozan şəxslərin kimliyini müəyyənləşdirib və onları ədalətə cəlb etməyə çalışacaq.
Mənbə:> ANSPRESS