Ermənistan Rusiya ilə birgə HHM sisteminin yaradılması haqda müqaviləni təsdiqləyib
Ermənistan parlamenti növbədənkənar iclasında Rusiya ilə birgə Hava Hücumundan Müdafiə Sisteminin (HHM) yaradılması haqda müqaviləni təsdiqləyib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin müavini Ara Nazaryan bildirib.
“Bu müqavilənin təsdiqlənməsindən sonra biz öz hava hücumundan müdafiə sistemlərimizi tətbiq edəcəyik, amma onlara Rusiya resursları da əlavə ediləcək. Söhbət uçan obyektlər, qırıcılarla yanaşı, dəfetmə vasitələrindən də gedir”, - deyə nazir müavini qeyd edib.
O həmçinin bildirib ki, HHM sistemlərinin fəaliyyətinin koordinasiyası ilə Rusiyanın Hərbi-Kosmik Qüvvələrinin komandanlığı məşğul olacaq. Ümumi idarəni Cənub hərbi dairənin rəhbərliyi, hərbi bəndə isə rəhbərliyi Ermənistan HHM qoşunlarının rəisi həyata keçirəcək.
2015-ci ilin dekabrında Ermənistan və Rusiyanın müdafiə nazirləri Seyran Ohanyan və Sergey Şoyqu regional vahid HHM sisteminin yaradılması haqda müqavilə imzalayıblar. Müqavilə beş il müddətinə imzalanıb.
Tərəflərdən heç biri müqavilənin növbəti müddətinin bitməsinə ən azı altı ay qalmış, onun dayandırılması haqqında xəbərdarlıq etmədiyi halda, müqavilənin müddəti daha beş il artırılır.
Mənbə:> Oxu.Az