Türkiyə XİN: Bundestaq utancverici qərar qəbul edib
1915-ci il hadisələri barədə Bundestaq tərəfindən 2 iyun 2016-cı il tarixində qəbul edilmiş qərar bu qurumun etibarlılığı baxımından utancvericidir.
AzNews.info-nun APA-ya istinadən xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, qərar tarixi siyasiləşdirməklə yanaşı, cahillik və hüquqa qarşı da hörmətsizlik nümunəsidir:
“1915-ci il hadisələri ilə bağlı anlaşılmazlıqların həll edilməsi dialoq və ədalətli yanaşma yolu ilə mümkündür. Bu baxımdan, Osmanlı ermənilərinin acılarını paylaşaraq xatirələrini yaşatmağa çalışan, erməni mədəni birliklərinə sahib çıxan və iki qonşu xalq arasında uzlaşma üçün önəmli addımlar atan Türkiyənin Bundestaqdan öyrənəcəyi bir şey yoxdur. Bundestaq Osmanlı imperiyasının çöküşü zamanı yaşananları öyrənmək istəyirsə, 2005-ci ildən irəli sürdüyümüz ictimaiyyətə açıq və elmi təməllər əsasında çalışacaq ortaq tarix komissiyasının yaradılmasına töhfə verə bilər”.
Bəyanatda deyilir ki, bu siyasətin arxasında duran səbəblərdən biri də türk və islam əleyhdarlığıdır:
“Ən dəhşətlisi isə odur ki, Almaniya bu addımı ilə ölkənin siyasi, iqtisadi, sosial-mədəni həyatına önəmli töhfələr verən türk əsilli alman vətəndaşlarını öz tarixləri və kimliklərindən uzaqlaşdırmağa və onları assimilyasiya etməyə çalışır. Alman ictimaiyyətinin türklərin fikirlərinə, yaddaşlarına və uzlaşma istiqamətindəki səmimi cəhdlərinə hörmət etməsi demokratiya və insan haqlarının tələbidir ”.
Mənbə:> APA