Yunker: Türkiyə vizasız rejimi almaya bilər
Razılaşmada göstərilən bütün şərtləri yerinə yetirməzsə, Türkiyə vətəndaşları üçün vizasız rejimə dair Aİ ilə razılaşma pozula bilər.
Oxu.Az “korrespondent.net”ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker bildirib.
“Biz əminik ki, bütün şərtlərin yerinə yetirilməsi vacibdir. Əks halda, Aİ və Türkiyə arasında bu razılaşma olmayacaq”, - Yunker vurğulayıb.
Avropa Komissiyasının rəhbəri qeyd edib ki, Türkiyənin terror əleyhinə qanunvericiliyində dəyişikliklərin edilməsi viza rejiminin liberallaşmasına dair qərarın qəbul edilməsi üçün qoyulan şərtlərin siyahısına daxil idi.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu müddəaya qarşı çıxır. O, bu şərti yerinə yetirməkdən imtina edərək Aİ-ni ikiüzlülükdə ittiham edir.
“Əgər prezident Ərdoğan ölkəsinin vətəndaşlarının Avropada sərbəst səyahətinə etiraz etmək qərarına gəlibsə, bunu Türkiyə vətəndaşlarına izah etməlidir. Bu mənim yox, onun problemidir”, - Yunker deyib.
Mənbə:> Oxu.Az