Türkiyə Rusiya ilə vizasız rejimi ləğv etməyəcək
Ölkələr arasında münasibətlərin gərginləşməsinə baxmayaraq, Ankara Rusiya vətəndaşları üçün viza rejimini tətbiq etmək fikrində deyil.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə cümə günü Türkiyənin Rusiyadakı səfirliyindən bəyan ediblər.
“Türkiyə Rusiya vətəndaşlarına qarşı viza rejimi tətbiq etməyəcək, belə ki, Türkiyə Rusiya xalqını dost hesab edir”, - diplomatik missiyadan qeyd ediblər.
Xatırladaq ki, noyabrın sonunda Türkiyənin F-16 qırıcısı Suriyada Rusiyanın Su-24 bombardmançısını vurub. Rusiya prezidenti Vladimir Putin bunu terrorçuların vasitəçilərinin “arxadan vurduğu zərbə” adlandırıb. Hadisədən sonra Rusiya prezidenti milli təhlükəsizliyin təmin edilməsinə və Türkiyəyə dair xüsusi iqtisadi tədbirlər barədə fərman imzalayıb.
Dekabrın 1-dən Rusiya hökumətinin bu fərmana dair qərarı açıqlanıb. Sənədə görə, 2016-cı ilin yanvar ayının 1-dən Rusiya Türkiyə ilə vizasız rejimi və çarter reysləri ləğv edir.
Mənbə:> Oxu.Az