"Rusiyanın Suriyadakı əməliyyatları müharibədə dönüş nöqtəsi olub".
Rusiya silahlı qüvvələrinin Suriyadakı effektiv əməliyyatları, müharibədə dönüş nöqtəsinə nail olmağa kömək olub. Bu bəyanatı Rusiya prezidenti Vladimir Putin Soçidə ali hərbi rəsmilərlə keçirdiyi görüşdə səsləndirib.
ANS TV-nin bildirdiyinə görə, Putin Suriyada ilk növbədə münaqişənin siyasi həlli yolu üçün şərtlərin yaradılmasının vacibliyini qeyd edib. Prezident Rusiyanın tərəfdaşları və ABŞ-la birgə bu məsələdə xüsusi fəallıq göstərdiyini vurğulayıb. Rusiya və ABŞ-ın vasitəçiliyi ilə Suriyanın münaqişə tərəfləri arasında razılaşdırılmış atəşkəs fevralın 27-də qüvvəyə minib və bir sıra bölgələrdə döyüşlərin azalmasına şərait yaradıb.
Putin eyni zamanda Rusiyanın Suriyada terrorçu qruplaşmalara qarşı əməliyyatlarının ümumi nəticəsindən söz açıb.
“İŞİD və Cəbhət əl Nüsrə kimi qruplaşmara və onların infrastrukturuna yönəli havadan və dənizdən endirilən zərbələr dəqiq, güclü və effektiv olub. Məhz bu amil döyüşçülərə qarşı savaşda köklü dönüş nöqtəsinə nail olmağa imkan verib. Ancaq bilirik ki, orada vəziyyət qəlizdir və Suriya ordusu hələ çox işlər görməlidir” – deyən Vladimir Putin bəyanatını yekunlaşdırıb.
Rusiya ordusu hərbi təyyarələrinin bir hissəsini mart ayında Suriyadan çıxarsa da, İŞİD və Nüsrə Cəbhəsi qruplaşmasına qarşı hava əməliyyatlarını davam etdirir.
Putin həmçinin Suriyadakı əməliyyatlar zamanı hərbi texnikada bəzi problemlərin və nöqsanların üzə çıxdığını etiraf edib. Rusiya lideri hərbi texnika nümunələrinin mükəmməlləşdirilməsi üçün aşkarlanan nöqsanların hərtərəfli şəkildə təhlil olunaraq, aradan qaldırılmalı olduğunu vurğulayıb.
Mənbə:> ANSPRESS