Rusiyalılar Putinin Suriyadakı hərbi əməliyyatlarını dəstəkləyirlər
“Levada-mərkəzi” tərəfindən aparılan sorğuda iştirak edən rusiyalıların 72%-i Rusiyanın Suriyada “İslam dövləti” (İŞİD) mövqelərinə zərbələr endirməsinə müsbət yanaşır.
Oxu.Az bu barədə İnterfaks-a istinadən xəbər verir.
Bu faktı yalnız 14% mənfi qəbul edib, cavab verməyə çətinlik çəkənlərin göstəricisi eynidir (14%).
Bu nəticələri 2-5 oktyabr tarixində Rusiya Federasiyasının 46 regionunda 134 yaşayış məntəqəsində 1600 nəfər arasında keçirilən sorğu göstərib.
Suriyada İŞİD mövqelərinin Rusiya qoşunları tərəfindən bombardman edilməsini 31% rusiyalı dəstəkləyir, 14% isə qınayır. Hər dördüncü adamda (25%) bu fakt nə dəstək, nə də qınağa səbəb olub, 22% isə bu vəziyyət barədə yetərincə məlumatlı olmadıqlarını bildiriblər.
Rusiya aviasiyasının Suriyada bombardmana başlama faktını şərh edərkən 47% bəyan edib ki, Rusiya Suriya prezidenti Bəşər Əsədi İŞİD və Suriya müxalifəti ilə mübarizədə dəstəkləməlidir. 28% isə Rusiyanın bu hərbi münaqişələrə ümumiyyətlə, qarışmamalı olduğunu bəyan edib.
Eyni zamanda sorğuda iştirak edənlərin 8%-i Rusiyanın İŞİD və Bəşər Əsəd rejiminə qarşı qərb koalisiyasına qoşulmalı olduğunu hesab edirlər. 8% bu barədə heç nə bilmir, 10%-nin isə cavabı yoxdur.
Sorğuda iştirak edən hər ikinci şəxs (49%) ABŞ və Qərb ölkələri bir tərəfdən, Rusiya və Suriyanın cari rəhbərliyi digər tərəfdən Suriyada vəziyyətin tənzimlənməsi məsələsində ümumi dil tapmağa nail olacaqlarına əmindirlər. Hadisələrin inkişafının bu variantına 30% rusiyalı inanmır, 21% isə cavab verməyə çətinlik çəkir.
39% rusiyalı Rusiyanın Suriya münaqişəsinə müdaxiləsinin RF-nı “yeni” Əfqanıstana çevirəcəyini ehtimal edir, 7% isə bunun belə olacağına əmindir. Bunun az ehtimal olunduğunu hesab edən 32%, ümumiyyətlə, istisna edən isə 6% respondent var. 13% isə cavab verməyə çətinlik çəkib.
RF Silahlı Qüvvələrinin Ali baş komandanı Vladimir Putinin müvafiq qərarı ilə sentyabrın 30-da Rusiya Hava-kosmik qüvvələri Suriya ərazisində İŞİD qruplaşması yaraqlılarının mövqelərinə zərbələr endirməyə başlayıb.
Rusiyanın Hava-kosmik qüvvələri aviaqrupu Latakiya rayonunda “Hmeymim” aviabazasında yerləşib. Onun tərkibinə 50 Su-34, Su-24M və Su-25 təyyarələri və helikopterlər daxildir.
Mənbə:> Oxu.Az