ABŞ-la Rusiyanın ittifaq yeri – Kürdüstan
İraq Kürdüstan Yerli Administrasiyasının lideri Məsud Bərzani Rusiyadan dəstək istəyib. ANS PRESS-in məlumatına görə, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın bir hissəsi olduqlarını deyən Bərzani Rusiyadan da gələcək dəstəyə görə razı qalacaqlarını bildirib. Kürd lider İŞİD terror təşkilatının ləğv olunması üçün göstərilən səylərin təqdirə layiq olduğunu deyib.
“Amma beynəlxalq koalisiya ilə Rusiya dövləti arasında İŞİD-ə qarşı uzlaşmalı bir hərəkət olarsa daha yaxşı nəticələr əldə oluna bilər. Kürdüstan administrasiyası İŞİD-ə qarşı mübarizədə peşmərgə qüvvələrinə yardım edən bütün tərəflərə və dövlətlərə təşəkkürünü bildirir. Bu çərçivədə Rusiyanın göstərəcəyi yardımları da razılıqla qarşılayacaq. Rusiya İŞİD-lə mübarizədə peşmərgələrə yardım etsə buna sevinərik.”
Bərzani peşmərgələrin İŞİD terror təşkilatı ilə mübarizədə aparıcı qüvvə olduğunu deyib: “Hazırda qruplaşma ilə ən effektiv döyüşənlər peşmərgələrdir. Silahlı qüvvələrimiz İŞİD-ə qarşı böyük qələbələr qazanıb”.
Sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Rusiya hərbi aviasiyasına məxsus qırıcılar Suriya ərazisində hərbi əməliyyatlara başlayıb. Əməliyyat öncəsində bunun İŞİD-ə qarşı mübarizə olduğu bildirilsə də daha sonra rus qırıcılarının Əsəd rejiminə qarşı olan dinc əhalini bombardıman etdiyi iddia olunmuşdu.
Ötən gün isə Rusiya hərbi aviasiyasının Suriya ərazisindəki türkmən bölgələrini bombardıman etdiyi bildirilmişdi.
Mənbə:> ANSPRESS