Bərzani ABŞ-dan narazı qaldı
Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani İŞİD terror qruplaşmasını vəhşi və barbar adlandırıb.
ANS PRESS-in məlumatına görə, Bərzani İŞİD-lə mübarizə aparmaq üçün beynəlxalq koalisiyanın kürdlərə yetərincə dəstək vermədiyini deyib.
France24 televiziya kanalının suallarını cavablandıran kürd lider bildirib ki, beynəlxalq koalisiyadan istədikləri ağır silahların heç birini ala bilməyiblər: ''İndiyə kimi aldığımız dəstək ehtiyacımızı qarşılayacaq səviyyədə deyil. Biz keyfiyyətli və əhəmiyyətli miqdarda ağır silah sistemlərinə ehtiyac duyuruq. Məsələn, zirehli vasitə daşıyıcı və vertolyota ehtiyacımız var. Bu tip silahları indiyə kimi ala bilmədik".
Kobanidəki döyüşlər barədə danışan Bərzani İŞİD-in bu bölgədə zəiflədiyini, ancaq tamamilə hərəkət qabiliyyətini itirmədiyini söyləyib. İŞİD-i Səddam Hüseyndən daha təhlükəli gördüklərini deyən Bərzani terror qruplaşmasının öz müttəfiqlərinə və silahdaşlarına belə qəddarlıq etdiyini bildirib:
"Bu yeni bir döyüş, yeni bir taktika, yeni bir ideoloji müharibədir. İŞİD barbar və qəddar bir terror təşkilatıdır. Bunlar bizim savaşdığımız Səddam rejimindən belə daha qəddardır".
Bərzani kürdlərin öz gələcəyi ilə əlaqədar qərarını özləri verəcəyini də sözlərinə əlavə edib.
Mənbə:> ANSPRESS