Əhməd Davudoğlu sabaha qədər ağlayıb…
Türkiyədə prezident Ərdoğanla aralarında yaranmış ixtilaflara görə istefa verməyə məcbur edilən baş nazir Əhməd Davudoğlu haqda maraqlı məlumat yayılıb.
Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, “Karar” qəzetinin yazarı Vahdettin İnce kürd məsələsinə dair sülh prosesinin pozulmasının ardınca ölkənin cənub-şərqində PKK-ya qarşı hərbi əməliyyatların başlanması barədə qərarı verəndən sonra Əhməd Davudoğlunun gecəni yatmayıb sabaha qədər ağladığını deyib.
Jurnalistə bu məlumatı verən isə Davudoğlunun xanımı Sara Davudoğludur. Onun bildirdiyinə görə, bir gün Sara xanım zəng vurub, jurnalistin kürd məsələsi haqda kitabını oxuduğunu deyib və ərinin hərbi əməliyyatlar barədə qərarı verərkən “vicdan əzabı” çəkdiyini deyib. “Bir gün Başbakanlıqdan zəng vurdular, “Sara xanım sizinlə danışmaq istəyir” dedilər. Həyacanla “buyursunlar” dedim. Xanım dəstəyi götürdü, mənim “Kürdinsan” kitabımı oxuduğunu dedi. Başladı anlatmağa. Uzun uzadı kitabdan necə təsirləndiyini danışdı. Sonunda “mən bu kitabda özümü tapdım” dedi. Siz nələr çəkdinizsə biz də Qərbi Anadoluda eyni şeyləri yaşadıq. Bir ara sözü Diyarbəkirdə sürən atışmalara gətirdi və “Ahmet bəy bu qərarı verərkən sabaha qədər yatmadı. Oradakı uşaqlar necə olacaq deyib ağladı” dedi”.
Qeyd edək ki, Əhməd Davudoğlu ilə Ərdoğan arasında ixtilafın səbəblərindən biri də kürd məsələsinə dair siyasətin necə olmasıdır. Davudoğlu sülh prosesinin bərpa edilməsinin mümkünlüyü haqda danışarkən Ərdoğan “Türkiyə dövləti bir daha PKK-yla danışıqlara getməyəcək” deyib. Kürd məsələsinə dair sülh prosesi Ərdoğanın baş nazirliyi dövründə başlamışdı və bu prosesə Öcalanla danışıqlar da daxil idi. Lakin daha sonra Suriyanın şimalında kürdlərin muxtar bölgə yaratmasından narahat olan Türkiyə ölkənin cənub-şərqində PKK-ya qarşı silahlı əməliyyatları bərpa edib. Aylardır davam edən bu hərbi əməliyyatlarda Türkiyə ordusu və polisi yüzlərlə itki verib, PKK-nın itkiləri isə minlərlə hesablanır.
Mənbə:> Virtualaz.org