Məxfi sənədlər Obamanı hərəkətə keçirdi
Obama administrasiyası vergidən yayınma və çirkli pulların yuyulmasına qarşı ciddi maliyyə islahatları həyata keçirməyi planlaşdırır.
ANS PRESS-in məlumatına görə, təklif olunan yeni ölçülərə görə, iri şirkətlərin, korporasiyaların, holdinqlərin həqiqi sahibləri barədə federal qurumlara daha dolğun məlumatlar verməsi tələb olunacaq.
ABŞ prezidenti Barak Obama Ağ Evdə keçirdiyi brifinqdə Konqresi ABŞ bank sisteminin daha şəffaf fəaliyyətinə təkan verəcək və hüquq mühafizə orqanlarına gizli sahibləri müəyyənləşdirməyə kömək olacaq qanun qəbul etməyə çağırıb.
Hazırda bir sıra iri korporasiyalar, baş ofislərini müxtəlif vergi cənnətlərində qeydiyyatdan keçirməklə və federal qanunvericilikdəki boşluqlardan sui-istifadə etməklə, ABŞ Daxili Vergi Xidmətinə heç bir hesabat göndərmir.
“Konqres dəstək olmasa bu tapşırığın öhdəsindən təkbaşına gələ bilməyəcəyik. Ona görə də buradan Konqresə üz tutaraq, onları ABŞ ərazisində təsis olunmuş şirkətlərin icbari qaydada həqiqi sahibləri barədə Maliyyə nazirliyinin maliyyə cinayətlər ilə mübarizə bölməsinə məlumat göndərməsi barədə qanun qəbul etməyə çağırıram. Bu kimi tədbirlər vergidən yayınmanın, çirkli pulların yuyulmasının qarşısını alacaq, terrorçuların maliyyələşməsinə imkan verməyəcək və ən əsası bizim iqtisadiyyatın fundamental prinsiplərinə dayaq olacaq”, - Obama deyib.
Prezident bu təşəbbüslə çıxış etməsinə oşfor şirkətlər və məxfi hesablar yolu ilə külli miqdarda vəsaitin vergidən yayınması haqqında Panama Sənədlərinin mətbuata sızması təsir göstərib.
Mənbə:> ANSPRESS