Dünya liderlərini ifşa edən gizli mənbə danışdı
İri korporasiyaların və bir sıra siyasi liderlərin vergidən yayınması ilə bağlı Panama Sənədlərini mətbuata sızdıran anonim mənbə ilk dəfə olaraq açıqlama verib.
ANS PRESS-in BBC-ə istinadən verdiyi məlumata görə, həmin şəxs toxunulmazlığının təmin olunacağı təqdirdə, istintaqla bağlı hüquq mühafizə orqanlarına yardım etməyi təklif edib.
1800 sözdən ibarət bəyanatda “Con Dou” təxəllüslü mənbə heç vaxt heç bir məxfi agentlik və ya hökümətə “işləmədiyini” əmin edir. O bu hərəkətinin əsas motivi kimi insanların gəlirlərindəki bərabərsizliyi göstərib.
“Rəqəmsal inqilab” başlıqlı bəyanatında cinsi və vəzifəsi bəlli olmayan “Con Dou” gəlir bərabərsizliyinin zəmanın əsas problemlərindən olduğunu vurğulayır.
O, bankların maliyyə qurumlarının, vergi idarələrinin bunun qarşısını almaqda iflasa uğradığını , onların qəbul etdiyi qərarların isə yalnız zənginlərin mənafeyini güddüyünü bildirib.
Mətbuata sızdırılmış Panama Sənədləri bir çox zəngin insanların vergidən və sanksiyalardan yayınmaq üçün Panama və digər vergi cənnətlərində ofşor şirkətlərindən hansı şəkildə yararlandığını əks etdirir.
Sızdırılan sənədlər Mossak Fonseka hüquq xidmətləri şirkətinə aid olub. Şirkət heç bir qanun pozuntusana yol vermədiyini və sadəcə haker hücumu qurbanı olduğunu bildirir.
Həmin sənədlər bir neçə ay ərzində yüzlərlə araşdırmaçı jurnalist o cümlədən Beynəlxalq Jurnalist Konsorsiumu ilə gizli əməkdaşlıq edən BBC tərəfindən araşdırılıb.
“Con Dou”-un yazılı bəyanatı ABŞ prezidenti Barak Obamanın Ağ Evdə iqtisadiyyatla bağlı çıxışından qısa əvvəl yayılıb. Obama nitqində Panama sənədləri qalmaqalına toxunaraq, korrupsiya və vergidən yayınma probleminə diqqət çəkib. Obama Birləşmiş Ştatların banklardan saxtakarlıqla məşğul olan ofşor şirkətlərin müəyyənləşməsini tələb edəcəklərini xəbərdar edib.
Mənbə:> ANSPRESS