Türkiyə yenidən rus raketləri ilə vuruldu: ölü və yaralılar var
İŞİD nəzarətində olan Bap bölgəsindən Türkiyənin cənub-şərqində yerləşən Kilis vilayəti yenidən "Katyuşa" raketlərindən atəşə tutulub.
ANS PRESS-in məlumatına görə, fasilələrlə atılan rus raketləri vilayət mərkəzində yaşayış sahəsi və boş əraziyə düşüb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Yaralılar Kilis Dövlət Xəstəxanasına aparılıb. Təhlükəsizlik qüvvələri bölgədə toplaşanları uzaqlaşdırarkən yanğınsöndürənlər yanan mənzilin alovunu söndürüb.
Həlak olan Nisa Döne Sezer adlı 6 yaşlı uşaqdır. Bü gün səhərdən başlayaraq Kilisə şəhərinə yeddi raket atılıb. Yanvarın 18-dən bu yana şəhərə atılan raket mərmiləri nəticəsində ölənlərin sayı 21-ə çatıb.
Türkiyə Silahlı Qüvvələri cavab olaraq İŞİD-in Suriyadakı mövqelərinə zərbələr endirib. Nəticədə terror qruplaşmasının 20 üzvü məhv edilib.
Kilis vilayəti analoji olaraq aprelin 18 və 19-da raket atəşinə tutulub. Aprelin 18-də İŞİD nəzarətində olan Bap bölgəsindən Türkiyənin cənub-şərqində yerləşən Kilis vilayəti "Katyuşa" raketlərindən atəşə tutulub.
Türkiyəli hərbçilər terrorçuların mövqelərinə artilleriya zərbələri endirməklə qarşılıq verib. Yanvarın 17-də Suriyanın Azez əyalətində İŞİD terrorçuları Kilis vilayətindəki sərhədyanı hərbi posta atəş açıb. Bundan əlavə, yanvarın 18-də Kilisin Eyüp Gökçe orta məktəbinə 3 mərmi topu düşüb. Partlayış nəticəsində 4 nəfər ölüb, xeyli sayda yaralılar olub.
Türkiyədə İŞİD qruplaşması 2013-cü ildə terrorçu təşkilatlar siyahısına daxil edilib. Ölkədə indiyə kimi 3300-dən çox vətəndaş İŞİD və digər ekstrimist qruplaşmalarla əlaqələrinə görə istintiqa cəlb olunub. Onlardan 847 nəfəri hazırda Türkiyə həbsxanalarında cəza çəkir.
Mənbə:> ANSPRESS