Türkiyə İŞİD-dən qisas aldı
Axşam saatlarında Türkiyənin cənub-şərqində yerləşən Kilis vilayətinin Suriya tərəfindən raketlərlə atəşə tutulmasına Türkiyə Silahlı Qüvvələri cavab verib. ANS PRESS-in məlumatına görə, İŞİD terror qruplaşmasının Suriyadakı mövqeləri "Fırtına" özüyeriyən artilleriya qurğusundan atəşə tutulub.
Türkiyə mətbuatının verdiyi xəbərə görə, Türkiyə Silahlı Qüvvələrinin artilleriyası İŞİD terror qruplaşmasının 50-dən çox üzvünü məhv edib.
Son günlər Türkiyənin cənub-şərqində yerləşən Kilis vilayəti mütamədi olaraq Suriya tərəfindən raketlərlə atəşə tutulur. Ötən gün Kilis şəhər mərkəzinə yenidən "Katyuşa" raketləri ilə zərbələr endirilib.
Suriyanın İŞİD nəzarətində olan Bap bölgəsindən Kilis vilayətinə Rusiya ihtehsalı olan iki "Katyuşa" raket mərmisi düşüb. Raket zərbələri nəticəsində bir nəfər həyatını itirib, daha üç nəfər isə ağır yaralanıb. Atılan raketlər vilayət mərkəzində yaşayış sahəsi və boş əraziyə düşüb. Yanvarın 18-dən bu yana şəhərə atılan raket mərmiləri nəticəsində ölənlərin sayı 20-yə çatıb.
Kilis vilayəti analoji olaraq aprelin 18 və 19 da raket atəşinə tutulub. Aprelin 18-də İŞİD nəzarətində olan Bap bölgəsindən Türkiyənin cənub-şərqində yerləşən Kilis vilayəti "Katyuşa" raketlərindən atəşə tutulub. Fasilələrlə atılan rus raketləri vilayət mərkəzində yaşayış sahəsi və boş əraziyə düşüb. Kilis Valiliyi hadisə nəticəsində 3-ü uşaq olmaqla 4 Suriya vətəndaşının həyatını itirdiyini daha 6 nəfərin yaralandığını açıqlayıb.
Türkiyəli hərbçilər terrorçuların mövqelərinə artilleriya zərbələri endirməklə qarşılıq verib. Yanvarın 17-də Suriyanın Azez əyalətində İŞİD terrorçuları Kilis vilayətindəki sərhədyanı hərbi posta atəş açıb. Bundan əlavə, yanvarın 18-də Kilisin Eyüp Gökçe orta məktəbinə 3 mərmi topu düşüb. Partlayış nəticəsində 4 nəfər ölüb.
Mənbə:> ANSPRESS