Türkiyə hərbi texnikasını sərhəddə yığır
Türkiyə Silhalı Qüvvələri Suriya ilə sərhəddəki Kilisi vilayətində təhlükəsizlik tədbirlərini gücləndirir. ANS PRESS-in məlumatına görə, Edirnə 102-ci artilleriya alayından yola düşən uzaqmənzilli raket batareyaları sərhəd bölgəsindəki zastavalara göndərilib.
Edirnə Uzunkörpüdən yola düşən 13 avtomobillik kortec artıq Kilisə çatıb. Kortecdə, 80 saniyədə 40 mərmi atma gücünə malik raketlər, zirehli texnika və s. döyüş sursatı var. Vilayətə aparılan texnika artıq bir neçə dəfə hücuma məruz qalmış Kilisin cənub sərhəddinə yerləşdirilib.
Bir neçə gün əvvəl axşam saatlarında Türkiyənin cənub-şərqində yerləşən Kilis vilayəti Suriya tərəfdən “Katyuşa” raketləri ilə atəşə məruz qalmışdı.
Raket zərbələri nəticəsində iki nəfər həyatını itirmiş, daha 4 nəfər isə ağır yaralanmışdı. Ölənlərdən birinin 70 yaşlı qadın olduğu bildirilir. Son günlər atılan mərmilər nəticəsində Kilisdə 12 nəfər həlak olub, xeyli sayda yaralı var.
Türkiyənin məruz qaldığı atəş zərbələrinin Suriya ərazisindəki İŞİD terror qruplaşması tərəfindən endirildiyi bildirilir.
Aprelin 19-da İŞİD terrorçuları Türkiyəyə məxsus tankı vurmuş, cavab zərbəsi ilə 32 terrorçu məhv edilmişdi
Mənbə:> ANSPRESS