Baş nazirdən müharibə xəbərdarlığı
“Türkiyə beynəlxalq razılaşmalara üstünlük verir. Lakin lazım gələrsə, Suriyaya quru qoşunları yeridəcəyik”. ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu “Al Jazeera”ya müsahibəsində deyib.
Baş nazir bildirib ki, - “özümüzü müdafiə etmək üçün istər Türkiyə daxilində, istərsə də ölkə xaricində hər cür tədbir görməyə hazırıq.”
Son günlər Suriya ərazisindən Türkiyənin Kilis və Urfa vilayətlərinə raket mərmilərinin atılmasını şərh edən Davudoğlu bildirib ki, Kilisə raket atanlar İŞİD terror qruplaşmasıdırsa və bu əməllərinə davam edərlərsə, onları hədəfə alacağıq.
“Bizim siyasətimiz hər zaman konkret olub: diplomatiya yolu ilə Suriya böhranını həll etmək. Əsədin leqallığını əsla qəbul etməyəcəyik. Çünki o, hələ də xalqını öldürməyə davam edir, 3 milyon suriyalını Türkiyəyə keçməsinə məcbur edib. Dolayısıyla belə bir hökumətin leqallığından söhbət gedə bilməz.
Əslində heç bir ölkə Türkiyə qədər İŞİD-lə mübarizə aparmayıb. İŞİD-in sərhədlərimizdə olmasını istəmirik. Suriyanın müxalif qüvvələrini İŞİD-ə qarşı mübarizədə dəstəkləyəcəyik. Hərbi dəstək bundan sonra da davam edəcək”, - Baş nazir bildirib.
Davudoğlu jurnalistin “Beynəlxalq dəstək olmasa belə Suriyaya quru qoşunları göndərəcəksinizmi” sualını belə cavablandırıb:
“Əslində Birləşmiş Millətlər Təşkilatının İŞİD-lə mübarizəyə dair çox sayda qərarı var. Dolayısıyla istər özünü müdafiə, istərsə də İŞİD və ya digər terror qruplaşmaları ilə mübarizə aparmaqda bu qərarlar bizi dəstəkləyir. Ancaq biz yenə də beynəlxaq razılaşmalara üstünlük veririk. Çünki İŞİD bütün dünyanı məraqlandıran məsələdir.”
“Al Jazeera” müxbiri növbəti sualını Rusiya ilə bağlayıb. O deyib ki, Türkiyə Suriyadakı Türkmən bölgələrinə girərsə, Rusiya buna qarşı çıxacaq. Rusiya Türkiyə qüvvələrini havadan vura bilərmi?
“Bu ssenari doğru deyil. Bu torpaq rus torpağı deyil. Rusiya BMT-nin daimi üzvlərindən biridir. Bir az əvvəl dediyim ki, BMT-nin İŞİD-lə mübarizəyə dair qərarları var. Burada əsas məsələ torpaqlarımızın təhdid altında olmasıdır. Biz Rusiya daxil heç bir ölkəni qarşımıza almaq istəmirik. Ancaq söhbət milli təhlükəsizliyimizdən gedəndə lazm olan hər cür tədbiri görəcəyik. Burada İŞİD-in təhdidiylə qarşı-qarşıya olan Rusiya deyil, Türkiyədir.”
Bir neçə gün bundan əvvəl Türkiyənin hökumətə yaxın agentliklərdə məlumat yayıldı ki, Türkiyə Ordusu Suriya ərazisində böyük hərbi əməliyyatlara başlayacaq. Bildirilir ki, Türkiyə Kilis vilayətinə atılan raket mərmilərindən sonra İŞİD terrorçu qruplaşması ilə mübarizədə yeni dönəm başlaması ilə bağlı qərar qəbul edib.
İlk mərhələdə Suriyanın Türkiyə sərhədində yerləşən Azez qəsəbəsinin şərqindən Cerablusa qədər olan 8 kilometrlik ərazidə İŞİD-ə qarşı "təmizlik əməliyyatı" başladılacaq və əməliyyatlar Suriyanın 18 kilometr içərisinə doğru davam edəcək.
Mənbə:> ANSPRESS