Türkiyə müharibəyə başlayır – VİDEO
Türkiyə Kilis vilayətinə atılan raket mərmilərinin ardından İŞİD terrorçu qruplaşması ilə mübarizədə yeni dönəm başladır.
AzNews.info anspress-ə istinadən bildirir ki, Türkiyənin İŞİD-lə mübarizədə ABŞ və Almaniya başda olmaqla beynəlxalq koalisiya ölkələriylə əldə etdiyi razılığın təfərrüatları yeni dönəmin yol xəritəsini də ortaya çıxardı.
İlk mərhələdə Suriyanın Türkiyə sərhədində yerləşən Azez qəsəbəsinin şərqindən Cerablusa qədər olan 8 kilometrlik ərazidə İŞİD-ə qarşı təmizlik əməliyyatı başladılacaq.
Türkiyə sərhədindən Suriyanın içərilərinə doğru 18 kilometr dərinliyində bir ərazinin terrorçulardan təmizlənməsi üçün başladılacaq əməliyyatla İŞİD Türkiyə sərhədindən tamamilə uzaqlaşdırılacaq.
Koalisiya qüvvələrinin havadan dəstəyiylə keçiriləcək əməliyyata Türkiyə sərhədindəki top, tank və minomyotlarla da dəstək veriləcək. Mümkün təhdidlərə qarşı qurudan hücuma keçmək üçün birliklər də hazır vəziyyətdə olacaq.
Türkiyə - Suriya sərhədinə ABŞ-ın uzaqmənzilli raket sistemi HİMARS-ın yerləşdirilməsi ilə bağlı Vaşinqtonla razılıq əldə olunub. Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu raketlərin may ayında Türkiyəyə gətiriləcəyini bildirib.
Ötən gün axşam saatlarından etibarən Türkiyə Silhalı Qüvvələri Suriya ilə sərhəddəki Kilis vilayətində təhlükəsizlik tədbirlərini gücləndirir. Ədirnə 102-ci artilleriya alayından yola düşən uzaqmənzilli raket batareyaları sərhəd bölgəsindəki zastavalara göndərilib.
Ədirnə Uzunkörpüdən yola düşən 13 avtomobillik kortej artıq Kilisə çatıb. Kortejdə 80 saniyədə 40 mərmi atma gücünə malik raketlər, zirehli texnika və s. döyüş sursatı var. Vilayətə aparılan texnika artıq bir neçə dəfə hücuma məruz qalmış Kilisin cənub sərhədinə yerləşdirilib.
Mənbə:> ANSPRESS