Sərkisyanın hərbi çevriliş xofu: istefalar artır
Ermənistan Müdafiə Nazirliyində yeni istefalar gözlənilir.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “İrates” qəzeti yazıb. Qəzetin əldə etdiyi məlumata görə, nazirliyin bəzi şöbə müdirləri, o cümlədən yüksək rütbəli şəxslər postları ilə vidalaşacaq.
Vəzifəsindən azad ediləcək şəxslər arasında MN Hərbi sənaye şöbəsinin müdiri Murad İsaxanyanın da olacağı gözlənilir. İddialarda bildirilir ki, hazırda cəbhədə vəziyyət gərgin olduğu üçün Sərkisyan bu istefaları müəyyən müddətə ertələyib. “Ancaq vəziyyət stabilləşən kimi Müdafiə Nazirliyində təmizləmələr başlayacaq”, - qəzetin mənbəsi bildirib.
Qeyd edək ki, az öncə politoloqlar Serj Sərkisyanın kürsüsünü qorumaq üçün bu addımı atdığını açıqlamışdılar. Belə ki, böyük korrupsiyanın mövcudluğu və şəxsi iradənin olmaması nəticəsində Ermənistanı dibsiz uçuruma yuvarladığını əsas gətirən hərbçilərin Sərkisyanı devirmək üçün planlar cizdığı iddia edilir. Rusiya xüsusi xidmət orqanlarından bu barədə siqnal alan Sərkisyanın isə Dördgünlük müharibədəki məğlubiyyəti bəhanə edərək, generalların hərbi çevriliş planını önləmək üçün onları bir-birinin ardınca istefaya göndərdiyi vurğulanır.
Ötən həftə Sərkisyan nazir müavini də daxil olmaqla, ordunun 3 generalını vəzifəsindən azad etmişdi.
Mənbə:> Axar.az