ABŞ Rusiyadan kömək istədi
Amerika Birləşmiş Ştatları hökuməti Suriyada atəşkəsi bərpa etmək üçün Rusiyadan kömək istəyib. ANS PRESS-in məlumatına görə, ABŞ dövlət katibi Con Kerri İsveçrənin Cenevrə şəhərində çıxışı zamanı Moskvaya çağırış edib.
Kerri bildirib ki, Suriyada atəşkəsi bərpa etmək üçün ümidlər qalmaqdadır.
“Suriyada düşmənçiliyin dayandırılması prosesi ciddi təhlükə altındadır. Hər ikimiz buna diqqət çəkmək istəyirik. Rusiya ilə birbaşa danışıqlar aparırıq. Suriyada münaqişənin yatırılmasına ümid var. Lakin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnaməsi bütün ölkədə düşmənçiliyin dayandırılmasına çağırış edir. Bütün ölkədə insanlar humanitar yardım göstərmək mümkün olmalıdır. Lakin hazırkı vəziyyətdə bu mümkün deyil. Sabah münaqişənin həllinə diqqət yönəldəcəyik. Kritik saatlar olacaq. Rusiyanın bizimlə əməkdaşlıq edəcəyini gözləyirik”, - Kerri bildirib.
Cenevrədə BMT vasitəçiliyi ilə sülh danışıqları aparan Suriya müxalifəti hökumətin atəşkəsi pozması ilə əlaqədar danışıqları dayandırıb.
İordaniyanın paytaxtı Ammanda bir qrup suriyalı fəal BMT İnkişaf Proqramının qarşısında toplaşaraq Suriya hökumətini Hələb vilayətində aviazərbələrə son qoymağa çağırıblar.
Aviazərbələr nəticəsində son 9 gündə 250-dən çox insan öldürülüb.
Fəallar beynəlxalq ictimaiyyəti münaqişəyə son qoymaq üçün ciddi cəhdlər göstərməməkdə ittiham ediblər.
Mənbə:> ANSPRESS