Putinin müşaviri: "Rusiya iqtisadiyyatı fəlakətə doğru gedir"
Rusiya Mərkəzi Bankının yeni reallığı iqtisadiyyatı fəlakətə aparır.
Bunu Rusiya prezidentinin müşaviri Sergey Qlazyev öz Twitter səhifəsində açıqlayıb.
RBK agentliyinin verdiyi xəbərə görə, müşavirin açıqlamaları bir qədər əvvəl Rusiya Bankı sədrinin birinci müavini Kseniya Yudayevanın "Rusiya iqtisadiyyatı yeni reallıqlarla inkişaf etməlidir" xəbərdarlığına cavabı kimi dəyərləndirilib.
Müşavir Rusiya Bankının siyasəti nəticəsində yaranan "yeni reallığı" tənqid edib. Qeyd edək ki, K.Yudayeva ölkədə "böhran" sözünə diqqətləri cəmləşdirməməyi, ölkə iqtisadiyyatının cari vəziyyətinin daha çox "yeni reallıq" kimi qiymətləndirilməsini zəruri sayır. O, Rusiyada müvəqqəti çətinliklərin olmadığını, yeni imkanların və koordinatların yarandığını vurğulayıb.
S.Qlazyev isə öz növbəsində ona cavab olaraq Rusiya Bankı tərəfindən süni şəkildə yaradılan yeni reallığı iqtisadi inkişafı əngəlləyən staqflyasiya adlandırıb. O qeyd edib ki, yeni reallıq olmasaydı, Rusiya iqtisadiyyatı 6-8% artım əldə edə bilərdi. Müşavir Rusiya Bankının yeni reallığında istehsalın öldüyü, spekulyantların gəlir əldə etdiyini bildirib: "Bu, iqtisadi fəlakətə doğru atılan addımdır. Rusiya Mərkəzi Bankı yeni reallıqdan kənara çıxmalı və iqtisadi artıma qovuşmaq üçün bizim təklif etdiyimiz proqramı həyata keçirməlidir".
Mənbə:> Report.az