Rauf Mirqədirov azadlıqda: “Hər kəsə minnətdaram...” – VİDEO
“Mənim ailəm xaricdədir, bu çıxarılmış qərar mənim ailəmə qovuşmağıma imkan vermir. Biz çalışacağıq ki, bu məsələni mümkün qədər tez həll eləyək, mən ailəmə, balalarıma, həyat yoldaşıma qovuşa bilim”-bu gün məhkəmənin qərarı ilə şərti azadlığa buraxılan jurnalist Rauf Mirqədirov əməkdaşımıza açıqlamasında deyib.
Mirqədirov deyib ki, bir qədər istirahətdən sonra sözsüz ki, jurnalist fəaliyyətini davam etdirəcək. “Mən jurnalistəm. Mənim çörəyim həmişə jurnalistikadan çıxıb”-o deyib.
R.Mirqədirvun vəkili Fuad Ağayev hökmdən kassasiya şikayəti verəcəklərini deyib: “Bu cür qərarı müsbət qiymətləndirmək olar. Azərbaycan şəraitində Raufun az qala iki il həbsdən sonra azadlığa çıxmasını doğrudan da müsbət qiymətləndirmək lazımdır. Bizdə bəraət hökmü az qala, unudulmuş anlayışdır. Belə bir vəziyyətdə birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi... Başlıcası Rauf azadlıqdadır. Kassasiya şikayəti veriləcək. Təyin olunmuş cəza beş il sınaq müddəti olmaqla, şərti hesab olunub. Bu müddətdə Raufun yerli müvafiq icra hakimiyyəti orqanı tərəfindən davranışına nəzarət həyata keçiriləcək. Raufun peşə fəaliyyətini məhdudlaşdıracaq heç bir göstəriş yoxdur. Amma ölkəni tərk etmə məsələsi isə hələ ki, problemdir. Hə qədər ki, ona xüsusi icazə verilməyib. Amma onun buna ehtiyacı var. Ən azı ona görə ki, səhhətində problemlər yaranıb”.
* * *11:22
Əməkdaşımız xəbər verir ki, Rauf Mirqədirov barəsində çıxarılmış həbs cəzası şərti cəza ilə əvəzlənməklə azadlığa buraxılıb.
Mirqədirov azadlığa buraxılandan sonra jurnalistlərə açıqlamasında günahsız olaraq həbs edildiyini, ona qarşı irəli sürülmüş ittihamların əsassız olduğunu deyib. Jurnalist bildirib ki, nəinki Ermənistan, eləcə də hər hansı başqa ölkənin xüsusi xidmət orqanları ilə heç vaxt əməkdaşlıq etməyib. “Mənim həbsim Azərbaycanı istəməyən qüvvələrin işi idi”-jurnalist deyib.
R.Mirqədirov deyib ki, həbsdə olarkən təkadamlıq kamerada saxlanılıb, səhhətində problemlər var. “Güclü baş ağrılarım var, gözlərim ağrıyır. Yəqin ki, ilk növbədə səhhətimdə yaranan problemlərlə bağlı müalicə almağa çalışacağam”-o deyib. R.Mirqədirov həbsdə olduğu müddətdə ona dəstək verən həmkarlarına, insan haqları müdafiəçilərinə, azadlığa çıxmasında rolu olan hər kəsə minnətdarlıq edib. Bununla belə əlavə edib ki, şərti cəza hələ tam azadlıq deyil və haqqında çıxarılmış hökmdən bəraət almağa çalışacaq.
* * *11:11
Az əvvəl Apellyasiya Məhkəməsinin qərarı ilə “Zerkalo” qəzetinin şərhçisi, jurnalist Rauf Mirqədirov azadlığa buraxılıb.
Virtualaz.org saytının məhkəmənin gedişini izləyən əməkdaşının verdiyi xəbərə görə Mirqədirovun barəsində çıxarılmış həbs qərarı dəyişdirilib.
Jurnalist 2014-cü ilin apelində həbs edilmişdi, onu Ermənistanın xeyrinə casusluqda ittiham edirdilər. Ötən ilin dekabrında məhkəmə Mirqədirova 6 il həbs cəzası vermişdi. Xəbər yenilənəcək.
Mənbə:> Virtualaz.org