Jurnalistin həbs müddəti uzadıldı
Həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.
ANS PRESS-in məlumatına görə, bu barədə APA-ya R.Mirqədirovun vəkili Fuad Ağayev məlumat verib.
Vəkil bildirib ki, Nəsimi Rayon Məhkəməsi tərəfindən R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 5 ay uzadılmasına qərar verilib: “Rauf Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti noyabrın 19-da başa çatıb. Mən və digər vəkil Elmar Süleymanov noyabrın 20-də Rauf Mirqədirovla görüşmək istəsək də, mümkün olmayıb. Noyabrın 20-də Nəsimi Rayon Məhkəməsində bizim iştirakımız olmadan barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini uzadıblar”.
Vəkil bununla bağlı apellyasiya şikayəti verəcəklərini deyib.
Qeyd edək ki, Rauf Mirqədirov bu il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.
Mənbə:> ANSPRESS