Elmar Məmmədyarov Franko Frattinini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattinini qəbul edib.
Oxu.Az-a XİN mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və İtaliya arasındakı münasibətlərin hərtərəfli inkişafından məmnunluq ifadə olunub.
İtaliyanın Avropa İttifaqında Azərbaycanın ən vacib ticarət tərəfdaşlarından biri olması xüsusilə qeyd olunub.
Avropanın alternativ mənbələr əsasında enerji təhlükəsizliyinin təmin olunması və region ölkələri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində TANAP və TAP layihələrinin kəsb etdiyi əhəmiyyəti vurğulanıb.
Franko Frattini ölkəmizin regiondakı əhəmiyyətli rolunu, uğurlu və tarazlaşdırılmış xarici siyasət yürütdüyünü qeyd edib.
Nazir Elmar Məmmədyarov Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişaf perspektivləri, Ermənistan-Azərbaycan münaqişənin həlli prosesi və münaqişənin həll olunmamasının regional sülh və təhlükəsizlik üçün yaratdığı təhlükələr barəsində məlumat verib.
O əlavə edib ki, münaqişənin həllinə nail olmaq üçün ilk növbədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.
Görüşdə qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparılıb.
Mənbə:> Oxu.Az